Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın yeni prezidenti, həm də dünya azərbaycanlılarının yeni lideridir.
Azərbaycanın prezidenti İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. İndi Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur.
Görkəmli siyasi və dövlət xadimi İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyevin oğludur.
İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarınının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır.
İlham Əliyev Milli Məclisin deputatı olduğu dövrdə geniş və çoxşaxəli fəaliyyət göstərmişdir. O, daim xalqın içərisində olmuş, onun problemlərini öyrənmiş, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərmişdir. Həmin dövrdə İlham Əliyevin əhalinin müxtəlif təbəqələrinin nümayəndələrinə, qaçqınlara, məcburi köçkünlərə və Qarabağ müharibəsinin əlillərinə qayğısı, ölkə ərazisində apardığı böyük quruculuq işləri doğma xalqa göstərilən bu qayğının parlaq təzahürləridir.
Məhz İlham Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında ifşa olunmuş, Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağ haqqında, qondarma "Dağlıq Qarabağ problemi" barədə Qərb dünyasında obyektiv rəy formalaşmış, həmin münaqişəyə düzgün siyasi qiymət verilmiş, onun həlli yolunda mühüm addımlar atılmışdır. Avropa Şurasında Ermənistanın təcavüzkar, işğalçı dövlət kimi tanınmasında, erməni terrorçuluğunun beynəlxalq terrorizmin tərkib hissəsi olmasının sübuta yetirilməsində, nəzarətdən kənarda qalan Dağlıq Qarabağın narkotiklərin ötürücü məntəqəsinə və terror yuvasına çevrilməsinin Avropa və dünya ictimaiyyətinə çatdırılmasında İlham Əliyevin böyük xidmətləri var.
İlham Əliyev Prezident Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərmişdir və bu sahədə fəaliyyətini indi də uğurla davam etdirir.
Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Onun rəhbərliyi ilə ölkədə iqtisadi islahatlar daha da sürətlənmiş, xüsusi prezident fərmanı ilə 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramı qəbul olunmuşdur. Prezident İlham Əliyev ölkədə İnsan haqları və azadlıqlarının daha dolğun təmin olunmasını daim diqqət mərkəzində saxlayır. O, Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir. Onun "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" və "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamları (2004,12 yanvar), Milli Ensiklopediyanın nəşrinə rəhbərliyi şəxsən öz üzərinə götürməsi və bununla bağlı imzaladığı sərəncamlar, alimlərə elmi dərəcələrə görə verilən əlavə əmək haqqını, tələbələr, magistrlər və aspirantların təqaüdlərini dəfələrlə artırması milli-mənəvi və ümumbəşəri dəyərlərə dövlət qayğısının parlaq təzahürləridir. İlham Əliyev Azərbaycan xalqının tarixi keçmişinə xüsusi qayğı və diqqət göstərir. O, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki roluna yüksək qiymət vermişdir: "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tariximizdə çox əlamətdar və önəmli hadisə idi. İlk dəfə müsəlman aləmində demokratik respublika yaranırdı, Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Ölkəmiz dünya birliyinə üzv olurdu. Bu, çox əlamətdar hadisə idi".
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.
Azərbaycan Prezidenti İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur.
Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsəqyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilməkdədir.
Rövşən Pənahov
Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemləri İdarəsinin rəisi