Aprel döyüşlərində xüsusi təyinatlı dəstədə xidmət edən, ağır yaralananadək şərəflə vuruşan və düşmənə böyük itki verən İsmayıllı şəhər sakini Yaşar Ağayevlə təhsil aldığı 6 saylı tam orta məktəbində görüş olub.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə çıxış edən Yaşar Ağayev ölkəmizin, ordumuzun qüdrətini tanıdan Aprel döyüşlərindəki xatirələrindən, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük qələbədən danışıb. Keçmiş döyüşçü dövlətimizin qayğısı ilə Türkiyədə dəfələrlə müalicə edildiyini, artıq sağlamlığını bərpa etməkdə olduğunu vurğulayıb. Görüşdə çıxış edən rayon veteranlar şurasının sədri Əlaləm Babayev, istefada olan polkovnik-leytenant, “Azərbaycan Bayrağı” ordenli Eynulla Bağırov, hərbi hazırlıq rəhbəri Əsgər Manafov, təhsil şöbəsinin məsləhətçisi Mail Səftərov, veteran jurnalist Valeh Salehov və məktəbin direktoru Qalib Bəşirov Aprel zəfərinin Böyük Qələbənin, Qarabağa qayıdışın başlanğıcı olduğunu söyləyib, Azərbaycan əsgərinin qəhrəmanlığından söz açıblar.
Şagirdlər tədbiri hərbi marşlar, vətənpərvərlik mahnıları və şeirlərlə zənginləşdiriblər.