Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlətimizə qarşı törədilən cinayətlərə, xüsusilə də erməni təcavüzü və terrorizminə qarşı xalqımız səfərbər olub Vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Bu mübarizədə minlərlə igid oğullarımız və qızlarımız şəhid oldu.
Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hər kəsin vətəndaşlıq borcudur. Qəhrəmanlıq və vətənpərvərlik mövzusunda son illər daha çox kitablar nəşr olunmasının özü də bu amala xidmət edir.
Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Onları yaşatmaq, tanıtmaq, hər şəhid ailəsinə hörmətlə yanaşmaq hamımızın vətəndaşlıq borcudur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlhamƏliyevin vətənpərvər çıxışı daha çox diqqəti cəlb edir: "Hər bir ölkə üçün onun ordusu çox vacib bir atributdur, çox önəmli bir rəmzdir. O cümlədən Azərbaycan üçün, xüsusən nəzərə alsaq ki, Azərbaycan hələ də müharibə şəraitində yaşayır, orduya diqqət daim yüksək səviyyədə olmalıdır. Bu gün Azərbaycanın Ordusu CənubiQafqazda ən güclü ordudur. Biz bu hərbi üstünlüyü əldə etmişik və gərək bunu möhkəmlədək. Bu üstünlük daha da böyük olmalıdır və biz buna da nail olacağıq. Bu münaqişəni həll etmək üçün, işğala son qoymaq üçün həm siyasi-diplomatik səylər göstərilməlidir, həm də düşmən bilməlidir ki, Azərbaycan Ordusu istənilən vaxtda öztorpaqlarını azad edə bilər!...
Məlum olduğu kimi iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribat törətmiş, iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi, eləcə də dinc əhalini və mülki obyektləri atəşə tutmuşlar.
Azərbaycan Ordusunun qəhrəman zabit və əsgərləri bu təxribatın qarşısını qətiyyətlə almış, cavab atəşi ilə düşmənin dayaq məntəqələri, atəş nöqtələri, müdafiəsinin dərinliyindəki ehtiyatlar, çox sayda döyüş texnikası və canlı qüvvəsi məhv edilmişdir. Hazırda döyüşlərin baş verdiyi ərazidə əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.
Ermənistanın bu hərbi təxribatı qarşısında Azərbaycan xalqı öz birliyini, qəti iradəsini və düşmənə qarşı barışmaz mövqeyini bir daha göstərmiş, qəhrəman şəhidlərimiz böyük izdihamla dəfn edilmiş, ölkəmizin müxtəlif şəhər və rayonlarında Azərbaycan Silahlı Qüvvələrinə dəstək yürüşləri keçirilmişdir.
İyul ayının 14-ü Bakı şəhərində keçirilmiş yürüş və toplantı Azərbaycan xalqının öz Dövlətinə, Ordusuna və Ali Baş Komandanına bir daha tam dəstəyini nümayiş etdirmişdir. Təcavüzkar Ermənistan anlamalıdır ki, Azərbaycan xalqının səbri sonsuz deyil və o, heç zaman ərazilərinin işğalı ilə barışmayacaq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bildirdiyi kimi həlak olan hərbçilərimizin qanı yerdə qalmayıb və qalmayacaq.
Döyüşlərdə Azərbaycanın qəhrəmancasına həlak olmuş hərbi qulluqçularının ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, şəhidlərimizin ruhuna göstərdikləri böyük ehtirama görə xalqımıza minnətdarlığımızı bildiririrk.
Ümidvarıq ki, güclənməkdə olan ordumuzla işğal olunmuş torpaqlarımız azad olunacaq və şəhidlərimizin ruhu şad olacaqdır. Allah şəhiddlərimizə rəhmət eləsin.
İradə Kazımova
Suraxanı rayon qeydiyyat şöbəsinin rəisi