Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Azərbaycan zəngin ədliyyə tarixinə malikdir. Ötən dövr ərzində Azərbaycan ədliyyəsi daha da müasirləşmiş, yeni qanunlarla, dövlət proqramları və beynəlxalq hüququn normaları əsasında daha da zənginləşmişdir. Çətin, lakin şərəfli bir yol keçmiş Azərbaycan ədliyyəsi hazırda özünün yeni inkişaf mərhələsini yaşayır.
1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycanda dövlətçiliyin yeni mərhələsi-demokratik idarəçilik ənənələrinin formalaşması prosesi başlandı və mütərəqqi ictimai-siyasi görüşlərə söykənən dövlətçilik ənənələrinin Şərqdə təməli qoyuldu. Həmin dövrdə ilk müstəqil demokratik dövlətin qurulması ilə eyni gündə təsis olunan Ədliyyə Nazirliyi Cümhuriyyətin mövcud olduğu 23 ay ərzində ölkənin hüquq sisteminin, ədliyyə və məhkəmə fəaliyyətinin bərpası və təkmilləşdirilməsi, dövlət dili olan Azərbaycan dilini bilən şəxslərin işə cəlb olunması, mühüm qanun layihələrinin hazırlanması, penitensiar xidmətin nazirliyin tabeliyinə verilməklə həbsxana işinin demokratik norma və prinsiplərə uyğun qurulması istiqamətində tarixi xidmətər göstərib.
Bununla yanaşı, qanunvericilik, normativ aktların hazırlanması və tətbiqi, hüquq–mühafizə fəaliyyəti sahəsində önəmli işlər həyata keçirilmişdir. Nazirlik ölkədə qanunçuluğun təmin edilməsi üçün qısa müddət ərzində müstəqil məhkəmə sisteminin formalaşdırılması baxımından mühüm işlər görmüşdür. Nazirlər Şurasının qərarları ilə 1918-ci il oktyabr ayının 1-də Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edilmiş, Məhkəmə Palatasının təsis edilməsinin labüdlüyü nəzərə alınaraq noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi qəbul olunmuşdur.
Hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş və bu sahədə iş təkmilləşdirilmişdir. Ədliyyə Nazirliyinin təşəbbüsü ilə “Məhkəmə idarəsində vəzifələrə namizədlər haqqında”, “Azərbaycanın andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında” və digər qanunların parlamentdə müzakirəyə çıxarılması dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi istiqamətində nazirliyin apardığı işlərin mühüm göstəricilərindəndir. Təəssüf ki, Şərqin ilk demokratik respublikasının ədliyyə sisteminin quruculuq işləri, hüquqi bazanın yaradılması istiqamətində başladığı işlər yarımçıq qaldı. Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra 1920-ci il may ayının 13-də Ədliyyə Nazrliyi ləğv edildi və əvəzində Xalq Ədliyyə Komissarlığı quruldu. Lakin yeni yaranan qurum özündən əvvəlkinin demokratik ənənələrini davam etdirə bilmədi. Çünki Xalq Ədliyyə Komissarlığı müstəqil dövləti təmsil etmirdi.
1933-cü ildə Xalq Ədliyyə Komissarlığının yenidən təşkili nəticəsində qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, Ali Məhkəməyə, prokurorluq orqanlarına və vəkillərə nəzarət edilməsi kimi bir sıra yeni səlahiyyətlər komissarlığa həvalə olundu. ¬1937-ci ildə təsdiq olunmuş Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsinə görə komissarlığın fəaliyyəti bir qədər məhdudlaşdırıldığından səlahiyyətlərinin əsas predmetini məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara nəzarət təşkil etdi. 1959-cu il dekabrın 7-də isə Ədliyyə Komissarlığı ləğv edildi və səlahiyyətləri digər dövlət orqanları arasında bölüşdürüldü.
Sovet hakimiyyəti illərində Azərbaycanda ədliyyə sisteminin yenidən inkişafı ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. 1970-ci il dekabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyinin yenidən yaradılması Azərbaycan ədliyyəsinin tarixində mühüm rol oynamış və bu sahədə formalaşan təcrübə bugünkü ədliyyə sisteminin qurulmasına öz töhfəsini vermişdir. Həmin vaxt respublikaya qəlbi həmişə milləti, xalqı, Vətəni üçün döyünən Heydər Əliyev rəhbərlik edirdi.
1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Müstəqilliyimizin ilk illərində hakimiyyəti ələ alanların dövlət idarəçiliyindəki səriştəsizliyi və siyasi səbatsızlığı nəticəsində respublikada siyasi böhran yarandı. Getdikcə dərinləşən siyasi böhran respublikada silahlı vətəndaş qarşıdurmasına gətirib çıxardı. Mərd oğul və qızlarımızın qanı bahasına bərpa olunmuş müstəqilliyimiz uçurumun bir addımlığında idi. Belə çətin və ağır məqamda ulu öndər Heydər Əliyev özünün dediyi kimi, ömrünün qalan hissəni də xalqına bağışladı. Xalqın təkidli xahişindən sonra ölkəyə rəhbərliyə razılıq verən müdrik şəxsiyyət Heydər Əliyev qısa zamanda ölkəni uçurumdan xilas etdi. Söz yox ki, ulu öndər iki dəfə – 1994 və 1995 –ci illərdə daxili və xarici düşmənlərin ciddi təzyiqi ilə üzləşdi və hər dəfə də böyük müdriklik göstərərək dövlət çevrilişinin qarşısını aldı. Bundan sonra dövlət quruculuğunun, müstəqilliyimizin möhkəmləndirilməsi yolunda daha qətiyyətli addımlar atdı. Bunun üçün yeni qanunlar qəbul edilməli, hüquqi baza yaradılmalı, məhkəmə-hüquq sistemi yeni dövrün tələblərinə uyğun qurulmalı idi.
Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə ictimai həyatın bütün sahələrində köklü islahatlar həyata keçirildi. İslahatların ən geniş vüsət aldığı sahələrdən biri də hüquq sistemi oldu. İlk növbədə, təcrübəli kadrların seçilməsini qarşısına məqsəd qoyan ulu öndər Heydər Əliyevin sərəncamı ilə 2000-ci ilin aprel ayında Fikrət Məmmədov Azərbaycan Respublikasının Ədliyyə naziri təyin edildi. Təcrübəli mütəxəssis olan yeni nazir bu istiqamətdə bilik və bacarığnı əsirgəmədi. Qətiyyətlə deyə bilərəm ki, Azərbaycan ədliyyəsinin inkişafında, beynəlxalq aləmə inteqrasiyasında ədliyyə nazirinin fəaliyyəti təqdirəlayiqdir. Həyata keçirilən uğurlu islahatlar ədliyyə işinin müasir tələblər səviyyəsinə qaldırılmasında böyük rol oynadı. Bu istqamətdə Ədliyyə Nazirliyinin üzərinə yeni mühüm vəzifələr qoyuldu. Bu cür dinamik dəyişikliklər nəticəsində Ədliyyə Nazirliyi zəngin və şərəfli inkişaf yolu keçərək cəmiyyətimizin həyatında qanunçuluğun, hüququn aliliyinin, ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsində əsas rol oynayan orqanlardan birinə çevrildi.
Görülmüş tədbirlər nəticəsində Azərbaycan ədliyyəsi beynəlxalq norma və prinsiplərə uyğun olan inkişaf yoluna qədəm qoydu, onun çoxşaxəli fəaliyyətinin tənzimlənməsi üçün çoxlu sayda normativ sənədlər qəbul edildi.Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün – 22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günü kimi müəyyən olundu.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsi yeni-yeni nailiyyətlər qazanır. Azərbaycan ədliyyəsinin rolu və nüfuzu artır, mövqeyi möhkəmlənir. 2006-cı ildə Prezident İlham Əliyev tərəfindən Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edildi. Ədliyyə Nazirliyinə hüquq-mühafizə orqanı statusu verilməsi onun qarşısında duran mühüm vəzifələrin miqyasını daha da genişləndirdi. Dövlət başçısının 26 may və 17 avqust 2006-cı il tarixli fərmanları ilə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” və “Ədliyyə orqanlarının inkişafı haqqında” qanunların qəbul olunması bu mühüm sahədə əsaslı dönüş yaratdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” ölkəmizdə ədliyyə sisteminin daha da təkmilləşməsində, işin müasir tələblərə uyğun qurulmasında, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən orqanların fəaliyyətindəki səmərəliliyin artırılmasında önəmli rol oynadı. Eyni zamanda, aparılan uğurlu siyasət nəticəsində Ədliyyə Nazirliyinin beynəlxalq əlaqələri daha da dərinləşdi.
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının və məhkəmələrin inkişafının təmin edilməsi, innovativ texnologiyaların tətbiqi, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılması, bu sahədə infrastrukturun müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
Bu günlərdə 102 yaşını qeyd edən Azərbaycan ədliyyəsinin qarşısına qoyulan vəzifələrin daha səmərəli və operativ yerinə yetirilməsi üçün bütün imkanlardan istifadə olunur.
Bu günlər bizim üçün müzəffər ordumuzun Ali Baş Komandanımızın rəhbərliyi altında işğal olan torpaqlarımız mənfur düşmən tapdağından azad olundu. Ali Baş Komandan cənab İlham Əliyev 10 noyabr tarixini qızıl hərflərlə tarixə yazdı. Bu münasibətlə xalqımızı və həmkarlarımı qələbə günü münasibəti ilə, o cümlədən 22 noyabr ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
Səidə Novruzova
Qaradağ rayon qeydiyyat şöbəsinin rəisi