Martın 29-da Üzeyir Hacıbəylinin ev-muzeyində Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
"XezerTV.info" xəbər verir ki, tədbirdə qonaqları salamlayan, xalqımızın Dahi Azərbaycan Bəstəkarı Üzeyir bəy Hacıbəylinin Ev Muzeyinin direktoru, Xalq artisti, bəstəkar Sərdar Fərəcov qədim Türk yurdu, şairlər və aşıqlar diyarı Ulu Göyçə mahalının Ağkilsə kəndində halal zəhmət adamı Alməmmədin ailəsində XIX əsrin əvvəllərində, yəni 1821-ci ildə anadan olan Aşıq Ələsgərin zəngin və geniş təfəkkürlü çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırdığını, xalq ruhunda həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etdiyini söyləyib. Böyük övliya, dəyərli irfan adamı Miskin Abdaldan başlayan söz sənəti qədim Göyçə mahalında İlahi dəyərlərin ən ali məqamına ucalmış və qüdrətli dəyərləri ilə cilalanan xalqın xəzinəsinə çevrilmişdir. Ağ aşığın hikməti, ustad Aşıq Alının öz şəyirdi üzərində olan zəhməti Aşıq Ələsgər fitrətində zəngin söz duhasına çatmışdır. Qərinələrin sınağından üzü ağ çıxan, təbiətin gözəlliyini, zəmanənin bədbinliyini, gözəlliyini İlahi eşq varlığını tərənnüm edən Dədə Ələsgər Azərbaycan şifahi xalq ədəbiyyatının ən uca zirvəsi hesab olunduğunu qeyd edən Xalq artisti Sərdar Fərəcov onu da vurğulamışdır ki, əsrlər keçdə də, dövrlər bir-birini əvəz etsə də Dədə Ələsgər qüdrəti dədələşmiş bir rəmz olaraq ozan aşıq sənətinin ən ali məqamında yer alacaqdır. Onu da qeyd etmişdir ki, bu tədbirin tarixi məkanda keçirilməsində böyük hikmət var. Yüz ildən artıq zaman keçsə də Dahi Üzeyir bəy "Koroğlu" operasını yazarkən xalqımızın qəhrəman və yenilməz oğlu Koroğlunun bir əlində qılınc, bir əlində saz olduğunu böyük ustalıqla opera səhnələrində tərənnüm edilməsinə imza atmışdır. Yubileyinin ölkə hüdudlarından kənarda, UNESCO səviyyəsində keçirilməyə layiq olduğunu deyib.
Tədbiri açıq elan edən görkəmli bəstəkar, Xalq artisti Sərdar Fərəcov sözü, Dədə Ələsgər yaradıcılığını öz əsərlərində nəzmə alaraq tarixi əsərləri bir daha tarixiləşdirən şair Qurban Hüseyn Papaqçıoğluna söz verib.
Şair Qurban Hüseyn Papaqçıoğlu dünyaya göz açdığı və bir qərinədir ki, qaçqın olduğu doğma tarixi Göyçə mahalının saz və söz ənənələrindən danışaraq Dədə Ələsgər işığına toplaşan tədbir iştirakçılarına təşəkkürünü bildirib. Bu gün tədbirin keçirildiyi məkanda Dahi Uzeyir bəyin ruhu şad olduğunu dilə gətirərək, belə bir Böyük şəxsiyyətin Ocağında Dədə Ələsgərin anadan olmasının 200 yubiley tədbirinin keçrilməsinə görə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin verdiyi sərəncamın xalqımız tərəfindən alqışlandığını qeyd edib.
Əziz oxucular şair Qurban Hüseyn Papaqçıoğlunun Dədə Ələsgərin anadan olmasının 200 illik yubileyi münasibəti ilə Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin Ev Muzeyində etdiyi çıxışının olduğu kimi sizə təqdim edirik.
“Əziz dostlar!
Hörmətli qonaqlar!
Bu gün Azərbaycanın Musiqi Mədəniyyətinin unudulmaz və yaddaqalan günlərini yaşamaqdayıq. Azərbaycan tarixinin ən qürurlu məqamlarını, Şanlı Zəfər tarixini, yağı düşmənlər tərəfindən işğal olunmuş müqəddəs Qarabağ torpaqlarımızın azad olunması kimi şərəfli anları bizlərə bəxş edən Müzəffər Ali Baş Komandanımız, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, qəhrəman Azərbaycan ordusuna sonsuz təşəkkürlərimizi bildirirəm. Qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyirəm! Qazilərimizə Böyük Allahdan şəfalar diləyirəm.
Ölkəmizdə Ordu quruculuğu ilə bərabər, Mədəniyyətin inkişafı və təbliği də öz yüksək inkişaf dövrünü yaşayır.Azərbaycan Mədəniyyətinin dünya xalqları arasında və dünya miqyasında tanıdılması uğrunda apardığı geniş miqyaslı işlərə görə, Azərbaycan Respublikasının birinci vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Xanım Əliyevanın fəaliyyətini alqışlayır və sonsuz təşəkkürümü bildirirəm.
Bu gün işğaldan azad olunmuş torpaqlarımızda görülən quruculuq və bərpa işləri, Azərbaycan Musiqi Mədəniyyətinin beşiyi Şuşa şəhərinin, tarixi abidələrimizin bərpası, eyni zamanda məscidlərimizdə Azan səslərimizin ucalması xalqımızın “Tarixi Qayıdışı” nın bariz nümunəsidir.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamla, xalqımızın şifahi xalq ədəbiyyatında aşıq yaradıcılığının zirvəsi olan ustad aşıq Dədə Ələsgərin anadan olmasının 200 illik yubileyinin tənənə ilə qeyd olunması haqqında görülən tədbirlər, müqəddəs aşıq sənətinə yeni nəfəs verəcək. Atılacaq hər bir addımın kökündə bu sənətə sonsuz sevgi və sonsuz ehtiram durur.
Azərbaycan Xalqının Ümumilli lideri, Ulu Öndər Heydər Əliyevin 50 il öncə verdiyi qərar, Dədə Ələsgərin anadan olmasının 150 illik yubileyinin keçirildiyi tarix, mədəniyyətimizin şanlı səhifələrindən biridir. Tarixi Türk yurdu, qədim və unudulmaz ənənələri ilə tarixə öz möhürünü vurmüş Göyçə mahalının, dünyaya döz açdığı Ağkilsə kəndinin, eyni zamanda xalqımızın dəyərlərini misralarında yaşadan, təkrar olunmaz estetik məqamları və şeiriyyətin ən ali düşüncələri ilə könülləri ərşə-əlaya qaldıran Dədə Ələsgər yolu yüzillərə bir mayak oldu.
Yaddaşlarda Dədə Ələsgər məktəbi kimi qalan aşıq sənətinin əsrarəngiz gözəlliyi tarixiləşdiyi qədər də gəncləşdi. Dövlətimizin bu müqəddəs saz sənətinə olan qayğısı, dastançılıq ənənələrinə yönələn praktiki diqqəti xeyirxah mətləblərdən xəbər verir və bu ehtiramın bariz nümunəsidir. Gözəlliyin tərənnümünü ilahiləşdirən, dövrün haqsızlıqlarını və eybəcərliklərini misraların dili ilə bəyan edən, təbiətin əsrarəngiz gözəlliklərinə dəyər verən, ustad aşıq Dədə Ələsgərin müxəmməsi, təcnisi, gəraylısı, qoşması, tərcibəndi, tərkibəndi, dodaqsəyməz və dildönməz kimi şeiriyyət dünyası sonsuz bir ümmana çevrildi.
Əziz və hörmətli qonaqlar!
Aşıq sənətinin ustadı, Dədə Ələsgərin silsilə şəkilində keçirildiyi ilk tədbirinin baş tutduğu belə bir tarixi məkanda, Azərbaycan xalqının dahi bəstəkarı Üzeyir Hacıbəylinin ev muzeyində toplaşmağımızda bir tarixilik var. Xalqımızın qəhrəmanlıq tarixinin döstəricisi, xalq qəhrəmanı “Koroğlu” nun Opera səhnəsində boyük iftixarla təqdim olunması, sinəsində telii sazın, bir əlində Misri qılıncın olması, Aşıqlıq sənəti ilə qəhrəmanlığın həm ahəngliyindən xəbər verir. Əsrlərdir ki, türk xalqlarının yaşam tərzi, düşmənə qılınc, könül dostuna telli saz bir şüara çevridi.
Tariximizin ən dəyərli aynası olan, Kitabi Dədə Qorqudda Qopuzun simlərinin dindirilməsi, gözəlliyin vəsfi, eləcə də təbiətin gözəlliyinin tərənnümü, əsrlərdən bəri Miskin Abdala, Qurbaniyə, Ağ Aşığa, Aşıq Alıya və aşıq Ələsgər dünyasına ötürülərək, özünün ən uca zirvəsinə çatdı. Aşıqlıq sənəti bu günümüzə çox sirləri özündə saxlamaqla gəldi.
Bu sirlərin açması Dədə Ələsgər şeiriyyəti, Dədə Ələsgər mərdliyi, Dədə Ələsgər aşıqlığı və aşiqliyi oldu.
Haqq aşığı məqamına ucalan və əsrlər keçdikcə bu ucalıqda daha da müqəddəsləşən Dədə Ələsgər yaradıcılığı öyrəniləcək və öyrədiləcək.
Azərbaycan xalqının dəyərlərini qələmi ilə nəzmə alaraq tarixiləşdirən şair kimi Dədə Ələsgərin keşməkeşli həyatını, tükənməz yaradıcılığını minlərlə beytin məna çalarları ilə yazıya alsam da azdır.
Bu müqəddəs məkanda, dahi Üzeyir bəyin ruhunun dolaşdığı, Dədə Ələsgər Ocağının övladlarının, Sizin kimi dəyərli ziyalıların və Azərbaycan bəstəkarlıq məktəbinin dəyərli nümüayəndəsi, bu gün Dədə Ələsgərin 200 illik yubileyinin keçirilməsində sonsuz əziyyəti olan, dahi ustadın yaradıcılığını dərindən bilən, dahi bəstəkar Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, Əməkdar İncəsənət xadimi, Xalq artisti Sərdar Fərəcova sonduz təşəkkürümü bildirirəm.
Diqqətinizə görə minnətdaram.”
Xalqımızın Zəfər tarixinin dünyaya bəyan olunduğu bir zamanda, Müzəffər Ali Baş Komandan ilham Əliyev Azərbaycanın müqəddəs Musiqi beşiyimiz olan Şuşa şəhərində etdiyi tarixi çıxışın, Dədə Ələsgərin dünyaya göz açdığı tarix Türk yurdu olan Göyçə mahalında da təkrar olunacağına böyük ruh yüksəkliyi ilə inandığını dilə gətirib.
Yazdığı əsərdən parçalar oxuyn şair Qurban Hüseyn Papaqçıoğlu, Dədə Ələsgərin bəşəri insan olduğunu və Türk dünyasının söz və irfan adamı kimi yaddaşlarda əbədi qalacağını qeyd edərək, eyni zamanda Böyük Ustadın qoşmalarından, gəraylı, təcnis və müxəmməslərindən misralar söyləyib.
Tədbirdə Aşıq Murad Niyazlının qızı Şəlalə Niyazlı çıxış edərək gənclik illərindən Aşıq Ələsgər yaradıcılığının vurğunu olduğunu, onun şeirlərini sevə-sevə oxuduğunu deyib. Bu həvəsi onda atası Aşıq Muradın yaratdığını vurğulayıb.
Aşıq Ələsgərin nəticəsi tarixçi Vaqif Həsənov çıxışında Aşıq Ələsgərin 200 illik yubileyinin geniş miqyasda keçirilməsi haqqında Sərəncama görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Dahi Dədə Ələsgər Ocağının layiqli nümayəndəsi, Böyük Ustadın irsinin daşıyıcılarından olan Azər Bayramov da tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək, babalarının, nənələrinin söylədiyi xatirələri diıə gətirib. Dədə Ələsgər bayramı kimi xalqımızın qarşıladığı bayramı, bayramlar bayramı adlandırıb.
Tədbirdə çıxış edən Dədə Ələsgər irsinnin daşıyıcısı kimi, hər zaman istedadlı və xalq tərəfindən öz dəstixətti ilə sevilən, oxuduğu mahnılarla insanların qəlbində böyük sevgi qazanmış müğənni Talıb Tale istər ölkəmizdə, istərsə də Türkdilli ölkələrdə, eyni zamanda Cənubi Azərbaycanda Haqq Aşığının sevildiyini dilə gətirib.
Dədə Ələsgərin şəxsiyyəti və yaradıcılığı ilə hər zaman qürur duyduğunu vurğulyaraq, öz sənətində, sevimli peşəsində daha da məsuliyyətli olacağını qeyd edib. Tədbirin bədii hissəsində aşıq Gəncəli Babayev “Qəhrəman” və “Ovşarı” havalarını ifa edib. Balabanda onu Ələkbər Ələkbərov müşayiət edib.
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 18-də Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzalayıb.
Fərid Faiqoğlu
Baş redaktor
AJB-nin üzvü