Ziyalı qayəsi Vətən sevgisindən yoğrulmuş istiqlal, Xalq şairi, Respublikanın Müstəqillik Aktının müəlliflərindən biri, Millət vəkili, Azərbaycanımızın qənimət Adamı Sabir bəy,illər öncə -18 yaşınızda qələmə aldığınız “Yardımlı yollarında” adlı şerin son bəndində bir arzu olaraq yazmısınız:
Min illik palıdlardan bir ömür borc alaydım,
Kecilməz dərələrə özüm körpü olaydım,
Buz sulu, saf aynalı bulaq olub qalaydım
Yardımlı yollarında.
İllər keçdi və Sabir Rüstəmxanlı fikir daşıyıcısı, SÖZ ADAMI olaraq kecilməz dərələrə körpü, buz sulu, saf aynalı bulaq olaraq təkcə Yardımlı yollarında deyil, Güneyli-Quzeyli Azərbaycanın, böyük Türk dünyasının körpüsünə döndü.
AYB-nin fəxri üzvü, Almaniyada yaşayan tanınmış yazar və qəzetçi Orxan Aras haqlı olaraq yazır: “...O çətinliklər, o qaçhaqaçlar, o əməklər boşa getmədi. İki il sonra ikimizin də röyaları gerçək oldu və onun Türk və Altayların gülü, çiçəyi qoxan şeirləri ilə Azərbaycanın igid övladlarının cəsarəti birləşdi və Azərbaycan müstəqilliyini qanıyla qazandı. O istiqlalın isbatı bəyannamənin altında da Sabirin qələminin izi vardı.
Parisdə 1789-cu il Fransız Çevrilişi üçün bir güllə atanın belə, bir yerlərdə ismi və ya heykəli vardır. Amma qələmiylə, şeiriylə, cəsarətiylə Azərbaycanın müstəqilliyinə imza atan Sabir Rüstəmxanlının Azərbaycanda bir heykəli yoxdur. Amma onun heykəli Asiyanın ən uzaq və soyuq guşəsindən Avropanın ən soyuq bölgəsinə qədər bütün türklərin ürəyində vardır.
Sözün qutsallığına tapınaraq Sabir Rüstəmxanlımızı "Alqış" şerimlə alqışlayıram:
"Tanımaq istəsən" - şair xitabı,
Xəbər gözləyirəm" - əsrlər tabı,
"Qan yaddaşı"na yol -"Ömür kitabı...
Şair, söz ünvanlı yoluna alqış!
"Salam, ana dilim", "Sevgim, sevincim"
"Atamın ruhu" dur, özüm, söz incim.
"Ol"dan üzü bəri hikmətim, gücüm,
Şair, şeir deyən dilinə alqış!
"Bütövlük həsrəti" - "Xətai yurdu",
"Gəncə qapısı"nın ruhu da yoldu.
"Dərdə əyilmə"yən yolları yordu...
Şair, qələm tutan əlinə alqış!
"Göy tanrı" ruhunda "Əbədi sevda",
"Zaman məndən keçir" gəldi hurr səda...
"Bu sənin xalqındir", işıq var soyda,
Şair, ər-ərənli eline alqış!
Şair, söz ünvanlı yoluna alqış!
Şair, şeir deyən dilinə alqış!
Şair, qələm tutan əlinə alqış!
Sabir Rüstəmxanlı, elinə alqış!
Özünüzün təbirincə desək:
"Rüstəmxanlı şəlaləsi" yenə gur və ilhamlıdır..." Elə bu fikrinizin işiğındaca yazmışam:
Ulutürkün həvaləsi,
Əsrlərin yaddaş səsi,
Bir şairin əfsanəsi
Rüstəmxanlı şəlaləsi.
Sanki göydən siyrilərək...
Sözlə süslü, şövqlü ürək,
Sabir bəyin ilhamı tək
Rüstəmxanlı şəlaləsi.
Yardımlının sədasıdır,
Ərənlərin sevdasıdır...
Sabir bəyin təb-səsidir
Rüstəmxanlı şəlaləsi.
Ömür təqviminizin 75 illk məqamı və yeni ili mubarək, Sabir bəy!
✍ TAPDIQ ƏLİBƏYLİ