Azərbaycan Respublikasının prezidenti, cənab Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu 44 günlük vətən müharibəsində qələbə qazanaraq, şanlı tarix yazdı. Bununla da bütün dünya Azərbaycan Respublikasının istər siyasi, istərsə də hərbi gücünə şahid oldu, terrorçu Ermənistan dövləti isə bu güc qarşısında acizliyini etiraf etdi.
Apardığımız bu haqq mübarizəmizdə qardaş ölkə Türkiyə bizi tək qoymayaraq, müharibənin ilk günlərindən öz siyasi, mənəvi , hərbi və diplomatik dəstəyini ölkəmizdən əsirgəmədi.
Azərbaycan və Türkiyə ölkələri arasında demək olar ki, bütün sahələr üzrə güclü dostluq, əməkdaşlıq əlaqələri vardır. Düşmən ölkə Ermənistanın mənfur təxribatlarından sonra hərbi sahədə və müdafiə sahəsində bu əməkdaşlıq daha çox möhkəmlənmiş, hər iki ölkə arasında hərbi əməkdaşlığın hüquqi təməli qoyulmuşdur. Bu müttəfiqlik əsasında Azərbaycan Silahlı qüvvələri və Türkiyə Silahlı qüvvələrinin iştirakı ilə birgə hərbi təlimlər həyata keçirilməyə başlanılmışdır və bu təlimlər bu gün də davam etdirilməkdədir. Həyata keçirilən hərbi təlimlər Azərbaycanın öz ordusunun gücündən daha yaxşı istifadə etməsi, hərb sahəsindəki yeniliklərə yiyələnərək döyüş bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyır. Türkiyə çox güclü orduya malikdir. Bu cür ölkə ilə birgə hərbi təlimlər bizim ordumuzun gücünə güc qatmış olacaqdır.
Qeyd etmək lazımdır ki, Türkiyə hərbiçiləri uzun illərdir Azərbaycan Ordusunun hərbi təlim-təhsil prosesində yaxından iştirak edir. Həmçinin, ordumuzun yüzlərlə zabiti də Türkiyədə hərbi təhsil alır.
Azərbaycan vəTürkiyə arasında qarşılıqlı etimada əsaslanan bu münasibətlər regionda sülhün, sabitliyin, sürətli və davamlı inkişafın, eyni zamanda hər iki dövlətin vətəndaşlarının rifahının təminatı baxımından böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın ümummilli liderimiz Heydər Əliyevin "Biz bir millət ,iki dövlətik" sözlərinə sadiqliyi hər iki xalqın tarixin çətin sınaqlarından çıxmış dostluq və qardaşlıq əlaqələrinin sarsılmazlığının , əksinə hər ötən gün daha da möhkəmlənməsinin ən parlaq təcəssümüdür.
Nuranə Muxtarova Masallı rayon Təzə Alvadı kəndi