Əlimdə bir kitab var. Bu kitabın adından tutub çıxdım səyahətə. "Payız çöhrəsində yazdı 44 gün".
Adından gördüyünüz kimi, kitab xalqımızın, millətimizin 44 günlük Vətən Müharibəsinə həsr olunmuş şeirlər toplusudur. Müəllifi tanınmış şair, publisist Tapdıq Əlibəylidir.
Tapdıq Əlibəylini çoxdan, lap çoxdan tanıyıram. Hələ orta məktəbdə oxuduğu illərdən. Böyük yaradıcılıq yolu keçib indiyə qədər.
"Haqqa dayaq doğulmuşuq", "Torpağın səsi", "Ovqatımın aynası", "Yol gedənindir", "Söz dərgahına merac", "Zaman keçər, söz qalar", "Könül ziyarəti", "Poetik buta", "Sözün dan yeri" və başqa 20 şeir və publisistik kitabların müəllifi olan Tapdıq Əlibəyli bütün bu illər ərzində, əsasən Türkçülük, Vətənçilik, Millətçilik mövzularında saysız-hesabsız əsərlər yazmışdır.
Elə bu son kitabında toplanmış şeirlərə nəzər yetirəndə də görürük ki, şairi düşündürən, narahat edən mövzular bir qayda olaraq, Vətənimizin taleyi, başına gətirilən müsibət və faciələr, eyni zamanda son 200 ildə ilk dəfə əldə etdiyimiz möhtəşəm Qələbənin, qazandığımız böyük Zəfərin sevinci, 30 illik işğaldan sonra igid əsgərlərimizin qədəm basdıqları torpaqlarımızda keçirtdikləri qürur hissi, qələbəyə illərlə təşnə qalmış xalqımızın qəddini, qamətini dikəltməsi, şax gəzməyə başlaması və s. kimi patriotik mövzulardır.
T. Əlibəyli yaradıcılığının əsas qayəsi, ideyası, qeyd etdiyimiz kimi, Vətəndir, Vətəndaşdır, Əsgərdir, Generaldır, Şəhiddir, Qazidir, Qarabağdır, Azərbaycandır, Türkiyədir, İlham Əliyevdir, Ərdoğandır, Rəsulzadədir, Atatürkdür...
Həcmcə o qədər də böyük olmayan, cəmi 104 səhifəlik kitabdakı şeirlərin elə yalnız başlıqlarına nəzər salmaq yetər ki, dediklərimizə əyani sübut olsun...
"44 gün", Xilaskar ordumun Vətən savaşı", "Qarabağ Azərbaycandır", "İti qovan" havası", "Qələbə təqvimin mübarək", "Bayraq dalğalandı şəhid adınla", "Ordu zabitimin məslək işığı", "Bayrağım-sorağım", "Yağılar görməkdə Türk qüdrətini", "Şəhidin qan yeri-torpağın san yeri", "Zəfər paradı"...
Özümü güclə saxlayıram. Bütün başlıqları yazmaq olardı burda. Hamısının elə təkcə adı oxucunun qəlbini riqqətə gətirən, döyüşə səsləyən, ruhunu yüksəldən, qanını coşduran, həyəcanlandıran adlardır... Amma bu adlar içində mənim diqqətimi bir ad xüsusilə cəlb etdi, özünə çəkdi: "Qələbəm-qəlp qəlbə qəlpə". Bu addakı poetik sözoynatma təkcə söz oyunu deyil. Məntiqin, fəlsəfənin, linqvistikanın, psixologiyanın bütün potensialı bu 4 zözün ifadə etdiyi mənaları özündə birləşdirib, cəmləşdirib... Düşünüb nəticə çıxartmağı oxucuların öz öhdəsinə buraxıram.
Bir sıra nümunələrlə kitabın umumi qayə və ideyasını nəzərinizə çatdırmaq istəyirəm:
Əsir torpaqlada sərgərdan ruhlar,
Torpağa üz tutub çəkilən ahlar.
Xilaskar Ordumuz şad bu sonbahar!
İşğalçı ordunu əzdi 44 gün!..
Yaxud:
Zəfər dalğalıdır hürr bayrağımız,
Atilla, Atatürk Türk sorağımız,
Əzəldən çatılıb gur ocağımız,
Ulu məmləkətə öndər Ərdoğan!..
Yaxud:
Yağı qıfılına Ordumuz açar,
Məğlub aqibətə işğalçı düçar.
Qəsbkar erməni boğulur naçar,
Sevinc göz yaşında Azərbaycanın!..
Diqqətlə baxanda görürük ki, şairin məsləki, məramı, məqsədi millətimizi, xalqımızı heç vaxt işğalçıya, qəsbkara, düşmənə məğlub durumda görməmək, millətimizi millətlər içində əyilməyən, mübariz, yenilməz millət kimi sayılıb-seçılən kimi görməkdir:
Doğub Qarabağda zəfər günəşi,
Vətən, mübarəkdir yeni təqvimin!
Üfüqlər seyr edir yurda dönüşü,
Müzəffər əsgərə hay verir himnim...
Başqa bir şeirdə oxuyuruq:
Bayrağım zəfər dalğalı,
Bu gün hər kəs Qarabağlı,
Silinir yağı işğalı,
Səngiyir sinəmin dağı,
"Qarabağ Azərbaycandır!"
Yuxarıda adını çəkdiyim "Qələbəm-qəlp qəlbə qəlpə" şeirindən də bir bənd örnək gətirməklə fikrimi yekunlaşdırıram:
Üzümdən-gözümdən işıq ələnir,
Qələbəm qəlp qəlbə qəlpə kimidir...
Üçrəngli bayrağım nura bələnir,
Sevincə yas tutan bəllidi kimdir...
Beləcə, bir poetik toplunun da söz meydanına, sənət bazarına girdiyini, daxil olduğunu seyr edirik. Sadəcə seyr etmək, gözucu nəzər salmaq yox, əldə edib oxumaq, misralardan, bəndlərdən güc alıb, qarşıdakı çətin, şərəfli mübarizə, mücadilə yollarında ruh yüksəkliyi ilə irəli yürümək gərəkdir, möhtərəm oxucular...
Ümid edirəm, bi poetik toplu dəyərli oxucularımızın masaüstü kitablarından birinə çevriləcək, bu şeirlərdən məktəblilər, bədii qiraət ustaları bayramlarda, zəfər ildönümlərində sevə-sevə istifadə edəcəklər. Deklomasiya üçün şeirlər məhz belə kitablardan seçilməlidir deyə, düşünürəm.
Son olaraq, şair dostumun bir bəndini də nümunə kimi yazır, bu bəndlə şəhidlərimizin ruhunu salamlayır və sənətkar dostuma, qələm yoldaşlma bu çətin, şərəfli və məsuliyyətli yaradıcılıq yollarında yeni-yeni uğurlar arzulayıram:
Körpələrin yuxusundan,
Süd ətirli qoxusundan,
Dan yerinin yaxasından,
Şəhidlərə salam olsun!..
RƏFAİL HƏBİBOĞLU,
şair, filoloq-pedaqoq