Koronavirus pandemiyası bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurətini yaradıb. Bu təhlükəli virusun yayıldığı bütün ölkələrdə tələbatın kəskin artması səbəbindən tibbi ləvazimat və qoruyucu vasitələrin, həmçinin maskanın böyük qıtlığı yaşanır. Belə bir vaxtda istehsalçı ölkələr tibbi maska, eyni zamanda, istehsal avadanlığı və xammalın ixracını dayandırıblar.
Problemlərin aradan qaldırılması, əhalinin sağlamlığının təmin olunması məsələsinə Azərbaycan dövləti xüsusi diqqət və həssaslıqla yanaşır. Ölkəmizdə koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısının tapşırığı ilə qısa müddətdə aidiyyəti dövlət qurumları tibbi maska istehsalı avadanlığının və xammalın respublikamıza gətirilməsinə nail olub.Koronavirusla mübarizədə maskalardan istifadənin xüsusi əhəmiyyət daşıdığı bir vaxtda dünyanın bir çox ölkələrində bu sahədə problemlər meydana çıxıb. Prezident İlham Əliyev Azərbaycanda da qıtlıq yarandığını, bəzi hallarda apteklərdə tibbi maskalar olmadığını nəzərə çatdırıb. O, bu istehsalın bizə özümüzü təmin etməyə imkan verəcəyini və koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycanın artıq idxaldan asılı olmayacağını açıqlayıb.Bizim üstünlüyümüz ondan ibarət idi ki, ölkəmizdə bir neçə spirt zavodu var və bu spirt zavodlarında dezinfeksiya vasitələri istehsal edilməyə başlanmışdır və artıq satışa verilir. Beləliklə, mübarizəni daha da səmərəli şəkildə aparmaq üçün dəfələrlə qeyd olunub ki, vətəndaşlar daha da məsuliyyətli olmalıdırlar və şəxsi gigiyenasına fikir verməlidirlər. Ancaq bunu təmin etmək üçün vasitələr olmalıdır və bu gün bu vasitələr artıq bazara təqdim edilir - tibbi maskalar və dezinfeksiya vasitələri.İndi əsas məsələlərdən biri apteklərdə və digər ticarət yerlərində süni qiymət artımının olmasıdır. Ölkə başçısı deyib: "Çünki maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar. Bu hallara qətiyyən yol vermək olmaz və müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər. Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək.
Hazırda dünyanın inkişaf etmiş ölkələrində hər gün koronavirusa yoluxmuş yüzlərlə insan həyatını itirir. Heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin müalicəsini tam təşkil edə bilmir. Qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda hazırda koronavirus xəstəliyinin yayılmasının geniş vüsət almadığını vurğulayan ölkə başçısı görülmüş işlərdən danışıb.Azərbaycan dünyada koronavirus xəstəliyinə yoluxanların aşkara çıxarılması üçün ən çox test keçirən ölkələrdəndir. Prezident İlham Əliyev deyib: "Bu, bizə imkan verdi ki, xəstəliyi müəyyən edək, xəstə insanlara operativ tibbi xidmət göstərək və eyni zamanda, özümüzü böyük bəladan qoruya bilək. Bu günə qədər biz buna müvəffəq olmuşuq. Eyni zamanda, operativ tədbirlərin görülməsi və vəziyyətə uyğun addımların atılması öz səmərəsini göstərmişdir.
Fərid Hüseynov - Masallı Gənclər Evinin əməkdaşı