Mənim üçün həm şair, həm tələbə yoldaşı, həm də qardaş qədər çox doğma olan bir sənətkardan danışmaq istəyirəm. O, 60 yaşını qeyd etməyə hazırlaşan Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist, ədəbi tənqidçi və ədəbiyyatşünas, 20-dən artıq kitab müəllifi Tapdıq Əlibəylidir.
T. Əlibəyli poeziyada və ədəbi tənqid sahəsində kifayət qədər tanınmış və sözünü demiş simalardan biridir.
Ad gününə həsr etdiyim bu yazımı təsadüfən "Sənətkar və zaman" adlandırmadım. Çünki o həqiqətən də zamanın sənətkarıdır. Qaynar qazana bənzəyən dünyamızın qovhaqovunda Tapdıq Əlibəylinin qələmi bir an belə susmadı. Seçdiyi yolun ağırlığını dərk edərək, gündəlik həyatımızı öz qələmi ilə bir informasiya vasitəsinin bacardığı qədər işıqlandırdı.
Mən ilk növbədə Tapdıq müəllimin 44 günlük müharibədəki fəaliyyətinə diqqət yönəltmək istəyirəm. Bu günlərdə o qələmini sözün həqiqi mənasında süngüyə çevirdi. Cəbhədən gələn xoş müjdəli xəbərlərin hər birinə şair düşüncəsinin süzgəcindən keçən şeirlər və yaxud başqa bədii yazıları ilə münasibət bildirdi.
Şəhid və qazılərimizin axan qanı ilə, ordumuzun hər gün əsirlikdən azad etdiyi torpaqlardan gələn Zəfər müjdələrinin sevinciylə yazdı şeirlərini. Bir gözü ağladı, bir gözü güldü. Yazdığının biri şəhidlərə ağı oldu, biri qələbə marşı.
Müharibə bitəndən bir neçə gün keçmiş "Payız çöhrəsində yazdı 44 gün " kitabının siqnal nüsxəsinin müşdəsi gəldi.
Mən bu kitaba aid düşüncələrimi bölüşmək fikirində deyiləm. Çünki bu haqda qədərincə əhatəli, sanballı məqalələr yazılıb, dəyərli fikirlər bildirilib. Bu baxımdan əlavə şərhə ehtiyac belə duymuram.
Şairlik T. Əlibəylinin tale yoldur. Bu yol onun üçün həmişə hamar olmadı. Enişi də oldu, yoxuşu da. Ancaq əqidəsinə, amalına sadiq qaldı həmişə.
Əzəl sözü də, qutsal sevdası da Vətən oldu.
30 il mənfur erməni işğalçılarının əsir saxladığı torpaqların nə vaxtsa qaytarılmasından çoxları əlini üzdü... Ancaq T. Əlibəyli bir an belə ümidini itirmədi. Qələbəyə inam hissi aşılayan şeirlər yazdı.
Hər bir xalq tarixin yaddaşına öz qəhrəman keçmişinə yazdığı dastanlarla düşüb. Azərbaycanın mərd, igid oğulları bu gün də dünyaya diktə elədi ki, bir yarpağı, bir çiçəyi də Vətən olan torpaq üçün yazılmış əfsanələri də, dastanları da yenidən yaza bilmək qüdrətinə malikdir. Müzəffər ordumuz gerçəkdən bunu sübut da etdi.
Mübariz İbrahimovun bütün dünyanı heyrətə gətirən misilsiz qəhrəmanlığı əfsanəyə bərabər gerçəklik oldu. Bu analoqu olmayan qəhrəmanlığın şəninə yaraşan ən gözəl şeiri mənə görə Tapdıq Əlibəyli yazdı.
Tapdıq Əlibəyli digər şairlər kimi evdə oturub yazmadı. Mübarizin doğulduğu evə pir kimi, ziyarətgah kimi getdi. Onun valideynlərinə övliyyalar kimi səcdə etdi.
Ona görə də Mübarizə həsr etdiyi şeirinə məhz onun valideynlərinin adıyla başladı;
Ağakərim ata, Şamama ana,
Oğul bəxş etdilər Azərbaycana.
Şəhid şərəfiylə dönüb dastana,
Xalqın iftixarı oldu Mübariz.
Bu şeirdə qəhrəman Vətən oğluna o qədər məhəbbət var ki, hər misrası, hər sözü sevgidən yoğrulduğu üçün qürurdan qəhərini udmağı bacarsan da, itginin ağırlığından gözlərində çağlayan selin qarşısını almağa gücün çatmır.
Sonuncu bənd kuliminasiya səciyyəsindədir. Çünki "ciyərin yansın erməni, gör nə igidləri aldın əlimizdən", deyə içində bir üsyan qoparır...
...Vətən köynəyindən keçdi Mübariz,
Andını Vətənə içdi Mübariz,
Öz zəfər yolunu keçdi Mübariz,
Əsir torpaqlara yoldu Mübariz,
Düşməni sarsıdan qoldu Mübariz!
Son dərəcə həssas və kövrək təbiətə malik Tapdıq Əlibəyli getdiyi yerlərdə, hətta, küçədə belə gördüyü ürəkdağlayan hadisələrin yanından etinasız ötə bilmir. Maştağada gördüyü mənzərəyə elə adıyla da şeir həsr edib: "Qadınların qul bazarı”
Maştagada gül bazarı -
Qış çağı da yaz gülzarı.
Burda qadın "qul bazarı,
"Bu dünyanın dərd-azarı.
Bu bazarda gülüz solğun,
Gülüş yorğun, baxış dalğın,
Xəzan vurub könül bağın,
Duman sarıb çöhrə, bağrın...
Tapdıq Əlibəyli zamanın sənətkarıdır, deyərkən mənim xəyalımdan keçən bir çox məqamlar icərisində onun Türkiyə-Azərbaycan dostluğuna həsr etdiyi şeirlər dayandı.
Şur üstə köklənib tarixi Şuşa,
Şövqlə qucaq açıb iki qardaşa,
İki türk öndərlə gəlibdir cuşa,
Zəfərlə süslənib Azərbaycanım...
Bütün dünyanın diqqətini özünə çəkən türk lideri Ərdoğanın Şuşaya səfərini əks etdirən başqa bir şeirində görün onu necə vəsf edir;
Ədalət düşübsə necə düyünə,
Şər xeyir donunu geyib əyninə.
Dünya zor dilində danışır yenə...
Zalımın zülmünə sipər Ərdoğan!
Bu bir bənddə dost sədaqətinə, qardaş sevgisinə o qədər inam var ki, sevincdən adamın gözləri dolur…
Tapdıq Əlibəylinin poeziyasına nəzər salanda onun damarlarından axan qanın da mayasının Vətən olduğunu düşünürsən. Tapdıq müəllim şairə verilən ən yüksək adı da fikrimcə, kölgədə qoydu. Cəsarətlə deyərdim ki, o Xalq şairi yox, "Vətən Şairidir"!
Onun poeziyasında üzü 92- 93- cü illərdən bəri şəhid oğullara həsr etdiyi şeirlər qalareyası ayrıca bir qol təşkil edir. Təəssüf ki, mən onların yalnız birindən bəhs etməklə kifayətləndim. Çünki bu kitabda onun çoxlu dostlarının yazıları yer alacaq.
Ancaq qazilərə həsr etdiyi bir şeirindən də bir bənd nümunə gətirməyi özümə borc bilirəm.
Qələbə qoxuyur qalib qazimiz,
Qarabağ havası hopub qanına.
Döyüşçü ruhunda polad əzmimiz,
Sıyrılan qılınctək sığmaz qınına...
Onun poetik dünyasının necə zəngin olduğunu görmək üçün çağdaş Yardımlı şairlərinin ustadı Sabir Rüstəmxanlıya həsr etdiyi şeirləri oxumaq kifayətdir. Sabir Rüstəmxanlı bulağından su içən şair orjinallığı ilə seçilən bu şeirlərdən birini şairin kitablarının adıyla necə süslədiyinə diqqət edin;
"Tanımaq istəsən"- şair xitabı,
"Xəbər gözləyirəm"- əsrlər tabı,
" Qan yaddaşına yol " - "Ömür kitabı",
Şair, söz ünvanlı yoluna alqış!
Bu şeir beş bənddən ibarətdir. Dörd bənddə Sabir müəllimi kitablarının adını beləcə məharətlə dırnaqda verərək müxtəlif çiçəklərdən toxunmuş çələngə bənzər gözəl bir sənət əsəri yaradıb Tapdıq müəllim.
Onun sözü ilə özü arasında hər zaman bir körpü olub. Poetik duyğularını köksündə kökləyərək o körpüdən keçirib, öz böyük dünyasına daşıyıb. Təbiətin hər guşəsinə qonaq aparıb duyğularını özüylə. Harda söz ona güc gəlib orda qərar tutub.
Arif sayılıbdır söz xiridarı,
Tapdıq, kökdə olmaz hər könül tarı.
Sözünü eşitsin söz qanan barı...
Bağbanı bağının barından soruş.
Gözəldir! Bu bir bənd bir şedevr əsər qədər mənalı və düşündürücüdür. Onun şeirlərinin qəhrəmanı həm də yan - yörəsindəki insanlardır . Məsələn, uşaqlara həsr etdiyi şeirlərinə qəhrəman çox vaxt nəvədən ilk payı balaca Duyğunu seçmişdir
Şeirə olan sevgisini elə şeiri vəsf etməklə ifadə edib Tapdıq müəllim. Bu şeirləri oxuduqca sözün gözəlliyinin seyrinə çıxırsan sanki.
Sözün hüsnü göyə mail,
Görüb oldum hayıl-mail.
Duaçıyam gör neçə il...
Şeir sözün ən göyçəyi.
Könül verdim saza sözə,
Günəş doğdu sanki üzə,
Söz sovqatı dönər bizə...
Şeir sözün ən göyçəyi.
Şeir yazarkən dostlarını da unutmadı Tapdıq müəllim. İki şeir həsr edib mənə. Birinin təkcə adı bir bütöv şeirə dəyər; "Qələmə sarılmaq arı inadı".
Mənə yazmaqda inad göstərməyə həvəsləndirən səmimi dostlarımdan biri,Tapdıq Əlibəyli, 60 yaşın mübarək! Daha bir 60 da gəl üstünə! Böyük şövqlə, həmişə eyni inad və ilhamla yaşa, yaz, yarat, mənim sədaqətli və təvazökar dostum, qardaşım, Tapdiq Əlibəyli!
RƏNA NƏCƏFQIZI,
Yevlax rayon Nizami Gəncəvi adına
tam orta məktəbinin dil-ədəbiyyat müəllimi,
yazıçı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı.