İslam aləminin ən müqəddəs bayramlardan biri Qurban bayramıdır. Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını, mənəvi dəyərlərə bağlılıqlarını nümayiş etdirir, Uca Tanrıya yaxınlığın fərəhini yaşayırlar. Azərbaycan müsəlman dünyasının ayrılmaz parçası kimi tarix boyu islam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş etmişdir. Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə belə Qurban bayramını özünün əziz günlərindən biri kimi qeyd etmişdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bu günün müsəlman əhali tərəfindən layiqincə bayram edilməsi üçün əlverişli şərait yaranmışdır. Bu bayram Azərbaycanda tolerantlığın təntənəsinə çevrilmişdir. Çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətində qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayışın, əmin-amanlığın və multikultural mühitin yaranmasında islam dininin, o cümlədən müqəddəs Qurban bayramının müstəsna rolu vardır.
Ümummilli Lider Heydər Əliyev hər il ölkəmizdə qeyd edilən dini bayramlar münasibətilə xalqı təbrik etmiş, müxtəlif illərdə Qurban bayramını məcburi köçkün soydaşlarımızla birgə keçirmişdir. Bu gün də bu ənənə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Hər il Prezident İlham Əliyev Azərbaycan xalqına bayram təbriki ünvanlayır və xoş arzularını çatdırılır. Azərbaycan xalqının dini dəyərlərinə böyük ehtiram göstərən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev 2017-ci ili Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan etmişdir. Qurban bayramının fəlsəfəsi və Azərbaycan xalqının yazdığı Zəfər tarixi bütün müsəlmanların tarixində önəmli günlərdəndir. Qurban bayramında müsəlmanlar Allah yolunda hər bir fədakarlığa hazır olduqlarını nümayiş etdirdikləri kimi, 2020-ci ildə Vətən müharibəsində də bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstərdilər. Bu, Azərbaycan xalqının böyüklüyünün və öz ali dəyərlərinə sadiqliyinin ən parlaq ifadəsi idi. Qurban bayramı Allah yolunda fədakarlığın, İkinci Qarabağ müharibəsi isə Vətən yolunda fədakarlığın təntənəsidir. Vətən müharibəsində qazanılan Zəfər xalqımızın qurbanlarının və dualarının qəbul olunduğunun göstəricisidir. Bayramımız mübarər əziz müsəlmanlar!
Afəddin Kərimov – Masallı rayon Eminli kəndi