Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Silahlı Qüvvələrimiz düşmən üzərində şanlı qələbə qazandı. Bu qələbə sayəsində ölkəmizin ərazi bütövlüyü təmin olundu. İşğalçı Ermənistan 44 günlük müharibədə böyük itkilərə məruz qaldı. Eyni zamanda, şanlı Ordumuz döyüş meydanında düşmənin çoxlu sayda hərbi texnikasını qənimət kimi ələ keçirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın Vətən müharibəsində Qələbəsinin rəsmiləşməsindən bir gün sonra - noyabrın 11-də hərbçilərlə görüşündə düşmənin qənimət kimi götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu bildirmişdi. Ötən il dekabrın 10-da Bakının “Azadlıq” meydanında keçirilən Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirildi. Eyni zamanda, Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürmüşdü. Çox qısa zamanda görülən genişmiqyaslı işlər artıq yekunlaşıb. Açıq səma altında nadir park salınıb.
Xəbər verildiyi kimi, dövlətimizin başçısı aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra təltif olunan hərbi qulluqçularla görüşündəki çıxışında Ordumuzun şanlı qələbəsini yüksək dəyərləndirərək vurğulayıb ki, 44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq”, - deyə dövlətimizin başçısı bildirib. Bakıda Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Hərbi Qənimətlər Parkı böyük rəmzi məna daşıyan unikal bir məkandır. Bura gələn hər bir müsafir Silahlı Qüvvələrimizin gücünü öz gözləri ilə görəcək. Verilən məlumatlara görə, 44 günlük müharibədə Ermənistanın hərbi birləşmələrində 10 min fərari qeydə alınıb. Azərbaycan Ordusunda isə bir dənə də belə fakt aşkarlanmayıb. Silahlı Qüvvələrimiz hər gün yeni zəfərlərə imza atıb. Xatırladaq ki, Ordumuz 44 günlük müharibədə təxminən 300 yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən çox yaşayış məntəqəsinin geri qaytarılmasından sonra işğalçı Ermənistan müharibəni davam etdirmək iqtidarında olmadığını anladı və noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Bəhs olunan Bəyanatla üzərinə bir sıra öhdəliklər götürən düşmən sonradan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz Azərbaycana təhvil verdi
zərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət kimi götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də parkın ərazisindədir. Xatırladaq ki, 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmən insanlıq əleyhinə və müharibə cinayətləri törədib, o cümlədən döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib.
44 günlük müharibə Azərbaycanın şanlı tarixidir. Bu tarix əbədi qalacaqdır, bu tarix dərindən öyrənilməlidir və öyrənilir. Dünya miqyasında Azərbaycanın göstərdiyi yeniliklər öyrənilir. Bu Vətən müharibəsi Azərbaycan övladının vətənpərvərliyini, cəsarətini, şücaətini üzə çıxardı. Ancaq bayrağı sancan, bayrağı ucaldan, öz sinəsini qabağa verən, ölümə gedən Azərbaycan əsgər-zabiti idi. Biz, qalib xalq kimi bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq. İstənilən texnika, istənilən maddi imkanın olsa da, əgər Vətən sevgisi yoxdursa, milli ruh yoxdursa, Vətən uğrunda ölümə getməyə hazır deyilsənsə heç vaxt Qələbə qazanmazsan. Bizim qəhrəman övladlarımız öz sevgilərini şəhid olmaqla, yaralanmaqla, qazi olmaqla göstərdilər. Yurdumuzun işğal altlnda saxlanılan ərazilərini qısa müddətdə azad etməklə, dövlətimizə iyirmi birinci əsrin qələbəsini qazandırdılar. 200 illik tarixdə ilk dəfə olaraq xalqımız böyük zəfərin təntənəsini yaşadı.
Biz qalib xalq kimi qələbə sevincini yaşasaq da bunu həzm edə bilməyən düşmənlərimiz təxribatlarını davam etdirmək istəyirlər. Əfsuslar olsun ki, Ermənistan tərəfi öz təxribatçı əməllərindən əl çəkmir. Bununla bağlı prezidentimizin qətiyyətli ifadəsi sabaha olan inamımızı artırır: “Əgər xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə olarsa, dərhal yerindəcə düşməni məhv edəcəyik. Onlar da bizim gücümüzü bilirlər və görürlər. Ona görə son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat, təbii ki, cavabsız qalmamalı idi və qalmadı.
Qarabağ Azərbaycandır. Yurdumuzun hər yerində olduğu kimi bu bölgələrdə də abadlıq quruculuq işləri reallaşacaq, həyat bərpa olunacaq. Biz də bu yurdun sakinləri kimi doğma elimizə sevinclə gedəcəyik.
Dilbər İbayeva – Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru