Kubra Məhərrəmova yazır...
Bu, nə qədər ağrılı olsa da, arada ən köhnə xatirələrə baş vurmalı oluruq.
Onları nə qədər qıfıl altında saxlasaq da, çıxanda yenə adamı incidir...
Atam bu dünyadan köçəndə artıq barışmışdı. Özü də deyirdi ki, daha o torpaqlar qayıtmayacaq, getdi...
Bəlkə də köməksiz, ahıl, dünya işığına həsrət bir adam üçün bunu qəbullanmaq çox ağır idi, bəlkə də o vaxtkı reallıqdan çıxış edirdi. Bəlkə də öz gücsüzlüyünü anlayırdı, bir zamanlar Cıdır düzündə qaçan balaca oğlan. Bəlkə də ömrünü elə Cıdır düzündə bitirmək istərdi, dağlara baxa-baxa... Qismətə bax ki, Bakının tozlu havasında ruhunu Allaha tapşırdı. Qaranlıq dünyadan işıqlı dünyaya köçdü.
O, ahıl yaşında qaranlıq dünyanın sakininə çevrilmişdi. Heç bir müalicə, heç bir əməliyyat da kömək etmədi. Hər gün qaranlığa daha çox qərq olurdu. Onunla birgə biz də qaranlığa məhkum olurduq. Amma xəyalında işıqlı xatirələri var idi. Yuxuları da rəngarəng idi. Qaranlıq onun əlindən Şuşalı günlərinin xatirəsini ala bilmədi, bacarmadı.
Bəzən danışardı ki, Şuşadakı evimizi, anamı görmüşəm yuxuda. Anasını çox sevirdi. Elə anasının adını da mənə qoymuşdu. Hansı arzularla yaşayırdı, kim bilir.
Görəsən, o, yuxuları bircə dəfə də olsun yozubmu, içində inanıbmı bir gün o yurdlar qayıdacaq. Yoxsa suya danışıb? Görəsən, o, yuxuları qucaqlayıb, bağrına basıb Şuşanı, evini, anasını qoxlaya bilibmi? Kədərin dibindən doğmasına sarıla bilibmi?
Bəlkə qaranlığın içində bir damcı ümid parlayıb həmin yuxularda. Bizə etiraf etməyə qorxub. Qorxub ki, o ümidlərə biz də inanarıq, sonra da olmaz. Bizi yuxuların ümidinə buraxmaq istəməyib. Özü məhkum olan dərdlərdən bizi uzaq tutub.
Rəhmətə gedəndə isə “evimə istəyirəm” dedi. Daha bilmirəm hansı evi dedi. Haqq dünyasındakı evi, yoxsa Şuşadakı... Təkcə ondan əminəm ki, anası da, atası da, onu gözləyirdi. Bəlkə də elə Şuşada gözləyirdilər, bəlkə də cənnət elə Şuşadadır. Biz bilmirik.
Bilirsən, ata, axı mən getdim Şuşaya. Düz 29 il sonra Şuşa işğaldan azad olundu. Kimlər keçdi canından, kimlər keçdi qanından, heç bilmədin. Neçə igidin ölümünə ağladıq, ağı dedik, heç bilmədin. Heç bilmədin ki, döyüşçülərimiz necə dırmandı qayalardan Şuşaya. Heç bilmədin ki, necə düşməni məhv etdilər. Əlbəyaxa döyüşlər getdi Şuşada. Topsuz-tanksız, can bahasına aldılar Şuşanı. Düşmənin ciyərini çıxardıb girdilər Şuşaya bizim uşaqlar. Bilirsən Şuşanın dağıdılmış evlərində hələ də mərmi, güllə izləri durur.
Amma döndük Şuşaya. Şuşa sənin dediyin kimi işıqlı və doğma idi. Sənin yerinə qucaqlamaq istədim Şuşanı, nənəni, yolları, daşları, yuxuları. Deməli sənin yuxun çin oldu, ata. Gec də olsa çin oldu. Sən görməsən də, mən gördüm, mən güldüm, mən ağladım Şuşada. Amma sən də mənimlə gəlmişdin Şuşaya. Bu dəfə mən səni apardım gəzməyə, qəlbimdə, sözümdə, dilimdə. Birgə gəzdik Cıdır düzünü, birgə ziyarət etdik Vaqifin məqbərəsini, birgə getdik Bülbülün evinə. Səninlə birgə Yuxarı Gövhər Ağa məscidində dua etdim. Birgə şükür etdik Allaha. Bütün gedənlər üçün rəhmət dilədim. Sən də bütün gedənlərə bizdən salam söylə. De ki, qaranlıqdan işığa çıxdıq. Çıxdıq! Zülmət bitdi.