8 Noyabr – Zəfər Günü münasibətilə Bakı şəhərində yürüş təşkil olunub. Zərər yürüşü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi orkestrlərinin müşayiəti ilə başlayıb.
Oxu.Az xəbər verir ki, Azneft dairəsindən “Ağ şəhər” bulvarınadək davam edən yürüşdə hərbi orkestrin ifasında vətənpərvərlik və qələbə ruhunda mahnı və marşlar səsləndirilib.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları 440 metr uzunluğunda Azərbaycan bayrağını yürüş marşrutu üzrə aparıblar. Yürüşü süvari dəstəsi müşayiət edib.
“Ağ şəhər” bulvarınadək davam edən yürüş “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan flaşmobla başa çatıb. Flaşmobda könüllü gənclərin iştirakı ilə Vətən müharibəsinin rəmzi olan “Dəmir yumruq” kompozisiyası yaradılıb.
10:30
Zəfər yürüşündə Vətən müharibəsi iştirakçıları və qazilər də iştirak edir.
Oxu.Az xəbər verir ki, onlar da 44 günlük müharibənin zəfərini, qələbə sevincini xalqımızla birlikdə qeyd edirlər.
10:01
Azərbaycan Ordusunun Qarabağda 44 günlük Vətən müharibəsi nəticəsində qazandığı böyük qələbənin birinci ildönümü - 8 Noyabr Zəfər Günü münasibətilə Bakıda təntənəli yürüş başlayıb.
Oxu.Az xəbər verir ki, yürüş Azneft dairəsindən başlayıb.
İnsanlar əllərində Azərbaycan və Türkiyə bayraqları ilə yol kənarında yürüşü izləyirlər.
Yürüş Hərbi Qənimətlər Parkında yekunlaşacaq.
Hərbçilər yürüş boyu çiyinlərində 440 metr uzunluğunda üçrəngli bayrağımızı aparırlar.
09:42
Bu gün Bakıda Zəfər Günü ilə əlaqədar yürüş keçiriləcək.
Saat 10:00-da hərbi orkestrin müşayiəti ilə başlayacaq yürüş Azneft dairəsindən “Ağ şəhər” bulvarınadək davam edəcək.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları isə Azərbaycan bayrağını yürüş marşrutu üzrə aparacaqlar. Yürüşü süvari dəstəsi müşayiət edəcək.