Onu çoxumuz 2020-ci ilin yay ayında tanıdıq. Əslində tanıyırdı əsgərləri, hərb yoldaşları, məsləkdaşları. Biz, sadə xalq isə onu ötən il tanımalı olduq. Təəsüf ki, şərəfli ölümü, cəsarətli şəhadəti ilə!
Söhbət general - mayor Polad Həşimovdan gedir.
İgid, cəsur, qorxmaz və mərhəmətli generaldan. Onu mən də gec tanıdım nə təəsüflər ki!..
Kaş daha erkən tanıyardım deyirəm onunla bir xatirəni yada salarkən...
2019-da telefonla qısa müddətə həmsöhbət olduq Polad abi ilə. Qızı Aybəniz haqqında yazı yazılırdı. Faktları dolğun olsun deyə ailə üzvlərindən ata ilə əlaqə saxladıq. Doğrusu, elə onun nömrəsi qeyd edilmişdir anket üzərində. Həlim, mədəni və kübar insan təsiri bağışlamışdı Polad abi ilə həmsöhbət olarkən. Sadəcə telefonun o tayındakı insanın özü görünmür deyə əslində həmsöhbətimizin Polad Həşimov olduğunun fərqində deyildik,ola da, bilməzdik. Sadəcə hərbçi olduğunu bildik və övladı haqqında bütün məlumatları götürüb sağollaşdıq.
"Mən sizə təşəkkür edirəm" deyə nəzakətli ifadəsi son cümləsi olmuşdur, heç unutmaram.
Hətta xanım əməkdaşımız məndən xahiş etdi ki, o uşağın yazısı tez yazılsın. Belə bir insan nigaran qalmasın deyə. Dedim yazaram, işim yazmaqdır, problem deyil. Və yazıldı da, təhvil verildi də Aybəniz Həşimovanın jurnalı. O vaxt Aybənizin adından atası bildirmişdi ki, qızı həkim olmaq istəyir. Bu arzusu da çin oldu. Qızına əhsən deyirəm.
Sevimli qızı Aybəniz həkim oldu da. Doğrusu, arzuladığı Tibb Universitetinə qəbul oldu yüksək balla ötən il.
Həm də Polad Həşimov adının böyüklüyünün bir il sonra fərqində olduq... Fərqində olduq ki, bizim telefon həmsöhbətimiz sən demə Polad abi olub. Məşhur qəhrəman və dillər əzbəri olan generalımız.
Bunu qəribə bir olayla aşkarladıq. Qız əməkdaşımız exceldə çıxan jurnalların siyahısını yoxlayarkən Aybəniz Həşimovaya rast gəldi və ata adını oxuyub fikrə getdi. Polad Həşimov adını uca səslə ifadə edəndə gözləri doldu.
-Günel bu qız bilirsən kimin qızıdır?
- Kimin?
- Polad Həşimovun...
Sadəcə susdum. Anladıq ki, nəzakətli insan bütün hərbi titul və mükafatlarını bizdən gizlədib. Sadəcə hərbçi deməklə özünü olduqca sadə və səmimi bir vətəndaş kimi təqdim edib.
General-mayor və ölümündən sonra Milli Qəhrəman adını şərəfi, qəhrəmanlığı ilə alan Polad abimiz bu titullara 45 illik ömrünü həsr edib.
Qəbələnin Vəndam kəndində doğulsa da sonradan Sumqayıt şəhərində böyüyərək hərbi sahədə təhsil almaqla böyük döyüş və şərəfli ömür yolu keçib qəhrəman generalımız. Türkiyədə ixtissası üzrə kurs da keçib və 2017-ci ildən hərbi birlik komandirinin birinci müavini - qərargah rəisi olaraq önəmli postda çalışıb, Vətənə xidmət edib. Aprel döyüşlərinin də baş qəhrəmanı olan generalımız yaralansa da 14 iyul 2020-ci il tarixində Tovuz döyüşlərində şəhid olur. Hər iki döyüşdə onun imzası, mübarizliyi və qələbəsi var. Vətən Savaşının igidləri Polad Həşimovdan ilham alıb döyüşə atıldılar və qalib generalın qalib əsgərləri kimi də tarixə yazıldılar.
Şəkilə nəzər yetirin. Beş yaşında olarkən çəkdirib Polad Həşimov bu şəkli. Əlində silah, gözlərində qətiyyət var igidin. 5 yaşlı uşaq axı,nə biləydi ki, gələcək taleyi o silahdan asılı olacaq. Həm o silahla yüksələcək, həm də o silahla qətlə yetiriləcək.
Qətlə yetirələcək sözü naməlum qədər həm də şübhəlidir. Bir general hansı və necə bir şəraitdə öldürüldü dilemması iki ildir bizləri narahat edir.
Ötən gün Səmayə ananın oğlunun öldürülməsi ilə bağlı səsləndirdiyi ittihamlar nə qədər sərt, sübuta yetirilməmiş olsa belə ciddi sual doğurur.
Ana nədən belə qənaətə gəlir və generalın şəhid olma anı və yeri haqqında ictimaiətə dolğun məlumat verilmir?
Erməni hücumu nəticəsində bir general niyə belə asanlıqla ələ keçirilsin və şəhid olsun? Özü də Polad kimi iradəli bir oğul.
Səmayə ananın ittihamları bir ananın hayqırtısı ola bilər. Bəlkə də emosialarından yaranar, amma yaranan çoxsaylı suallara zamanında dolğun cavab verilməsi bir həqiqətdir. Polad Həşimov 47 yaşında bizlərin arasında olmaya bilər. Kimlərsə onun adına və uğuruna qibtə də edir, edəcək.
Bu yoxluq onları sevindirməsin.
Polad qətiyyəti, general əzəməti, insanlıq mərhəməti onu xalqın taleyində əbədi qəhrəman edib və edəcək.
Milli Qəhrəman adını bütün aspektləri ilə haqq edən Vətən oğulu, Ruhun şad olsun!...
Günel Sabir qızı