Mənfur düşmənin torpaqlarımıza qarşı növbəti təxribatı nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin verdiyi tapşırıq əsasında illərdir məhz bu gün üçün hazırlaşan ordumuz əks hücum əməliyyatına keçdi. 27 sentyabr 2020-ci ildə Azərbaycanda Vətən Müharibəsi başladı. Bu müharibənin qısa və az itki ilə sonlanmasına görə Vətən müharibəsində canı və qanı bahasına səfərbər olan, etdiyi qəhrəmanlıqlarla dastan yazan Azərbaycan oğullarına borcluyuq. Bu günlərdə bütün Azərbaycan xalqı və dünya azərbaycanlılarının qəlbi eyni ümid işığı ilə döyünür və duaları eyni səmaya ucalırdı. Torpaqlarımızın hər qarışı uğrunda neçə-neçə canların qanı Vətən torpağına, ruhu isə əbədiyyətə qovuşdu.
Ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bu çətin, məsuliyyətli, eyni zamanda, şərəfli günlərdə xalqımız bütün varlığı ilə Ali Baş Komandanın, Milli Ordumuzun yanındadır. Bu gün bütün xalqımız, bu müqəddəs savaşın önündə gedən, Vətən uğrunda canını fəda etməkdən çəkinməyən əsgər və zabitlərimizlə fəxr edir.
Azərbaycan xalqı Prezidentinə, Dövlətinə, Ordusuna güvənir. 30 ildən sonra torpaqlarımız işğaldan azad olundu, Üçrəngli bayrağımız Şuşada, Laçında, Kəlbəcərdə, Xankəndidə dalğalanır. Uzun illər bu qələbənin intizarı, həsrəti ilə yaşayan və öz ülvi arzusuna çatmaq ərəfəsində olan xalqımız bu gün çox xoşbəxtdir!
Xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədən, məscidlərimizi, məzarlarımızı dağıdan, mədəni irsimizi öz adlarına çıxarmağa çalışan işğalçı Ermənistan hakimiyyətinin avantürist, məkrli planı baş tutmadı. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı bütün kənd və qəsəbələrimizi, şəhərlərimizi düşmən tapdağından azad edtdi. Dövlət-xalq-ordu birliyi sayəsində Azərbaycan bayrağı Şuşada qürurla dalğalanır!
Sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi! Müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolu olan Vətən müharibəsi! Bu Vətən müharibəsi elə bir müharibə oldu ki, 30 ilə yaxındır düşmən tapdağında olan torpaqları azad etmək üçün hər an döyüşə hazır olan, bir qarış torpağımız üçün döyüşməyi, ölümün gözünə dik baxmağı özlərinə borc bilən Vətən oğullarını bir yumruq kimi birləşdirdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “İrəli!” əmrini ləyaqətlə yerinə yetirən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbiçiləri bu Vətən müharibəsində, haqq savaşında xalqımızın və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdilər. Hər kəs "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!”, “Hər şey Vətən üçün”, “Hər şey cəbhə üçün”, “Vətən naminə” deyərək haqq savaşına çıxan oğullarımızın sayəsində Azərbaycan Ordusunun güclü, qüdrətli, yenilməz bir ordu olmasının əyani şahidi oldu. Əsgər və zabitlərimizin, hərbçilərimizin göstərdikləri şücaətləri, qəhrəmanlıqları izləyən hər kəs bir daha əmin oldu ki, doğma torpaq, Vətən uğrunda canını fəda edib şəhidlik zirvəsinə yüksəlmək, öz adını xalqın tarixi yaddaşına həkk etmək, Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəmək, qəhrəmanlıq nümunəsi yaratmaq, milyonlarla insanın sevgisini, rəğbətini qazanmaq hər bir Vətən oğlunun arzusu olub və bu, bu gün də belədir.
Bu gün hər birimiz fəxarətlə, qürurla söylədiyimiz o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə və hərbçilərimizə borcluyuq. İllər ötsə belə bizləri 44 günlük haqq savaşında hər gün fərəh, qürur dolu saysız-hesabsız qələbələrlə sevindirən şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimizə minnətdarıq. Şəhidlik elə bir zirvədir ki, o ənginliyə ucalmaq hər insana qismət olmur. Bəlkə də, yüzlərlə, minlərlə insan var ki, Tanrının onu şəhidliklə mükafatlandırmasını arzulayır, amma onlara şəhidlik nəsib olmur. Həmvətənlərimizin bir çoxu şəhid oldu, itkin düşdü, yaralanaraq sağlamlığını itirdi. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Müzəffər ordumuzun bu gün yazdığı tarix Azərbaycanın sabah daha da güclü inkişafını, çiçəklənməsini şərtləndirdi. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amilə çevrildi.
Azərbaycan hər zaman olduğu kimi, bu gün də mübariz övladlarının şücaətini, qəhrəmanlığını yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. İkinci Qarabağ müharibəsi ilə önəmli zəfər qazanıldı və artıq Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu. Müharibə 44 gün çəkdi. Bizim qəhrəman igidlərimiz bu müddət ərzində düşmənə layiq olduğu yeri göstərdi. Onlar bundan sonra neçə illər keçsə də bu məğlubiyyətlərini unutmayacaqlar. Çünki ordumuz onlara heç vaxt ayağa dura bilməyəcəyi zərbə vurdu. Bizim bu qələbə hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müharibə vaxtı hamının duası Müzəffər Ordumuzun və Ali Baş Komandanımızın üzərində idi. Bizə bu qələbəni bəxş edən Müzəffər Ordumuza nə qədər təşəkkür etsək, azdır. İllərdir ürəyi Vətən həsrəti ilə yanıb alışan soydaşlarımızın arzusu həyata keçdi, Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın ruhu şad oldu, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu. Ədliyyə işçisi olaraq hər birimiz Prezidentimizə, Ali Baş Komandan İlham Əliyevə hədsiz təşəkkür edirik. Məhz onun rəhbərliyi, cəsarəti, əzmkarlığı və qətiyyəti sayəsində güclü Azərbaycan Ordusu düşməni məğlub edərək xalqımıza bu qələbə sevincini yaşatdı. Otuz ilin həsrətinə son qoyub gəlirik, Qarabağ! Canımızı, qanımızı fəda edib sənə qovuşmaq eşqindəyik. Bu ilahi eşqin mayası vətən sevgisidi. Vətəni sevməyən insan olmaz... Bu gün səngərdəki əsgərlərimizin atdığı güllələri "Vətən” adlı bir nəğmənin döyüşən misralarına bənzədirik. Bu gün şəhid anası göz yaşlarını silib "Oğulları vətən üçün böyütmüşük, təki Vətən var olsun” deyir.
27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli, o xalq böyük xalqdır. Deməli, bu yurdu qorumağa qadir olan ləyaqətli oğullarımız var. Sıravi əsgərindən tutmuş generalınadək hər bir döyüşçü əlində silah Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı, doğma Qarabağı qaniçənlərdən təmizləmək, mübarizə apardığımız haqq savaşı naminə canını fəda etməyə hazır idi, bu yolda bir yumruq tək birləşdi. Və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. Sentyabrın 27-si Azərbaycan xalqının yaddaşında uzun illər Qələbənin, Zəfərin başlanğıc tarixi kimi xatırlanacaq. Məhz 27 sentyabrdan başlayan haqq savaşımız bizi sonunda böyük Qələbəyə apardı. Uzun illərin həsrətinə son qoyan 44 günlük Zəfərimiz əks-sədası ilə bütün dünyaya səs saldı. Rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müasir hərb tarixində nümunə göstəriləcək əsl qəhrəmanlıq dastanı yazdı. Böyük Qələbə qazanan Azərbaycanın igid övladları işğalçı Ermənistan ordusunu 44 gün ərzində darmadağın edərək düşmənə layiqli yerini göstərdi. İgid Vətən oğulları döyüşdə göstərdikləri qəhrəmanlıqlarla sübut etdilər ki, “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir!”.
Doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşaraq əsl qəhrəmanlıq nümunəsi göstərən qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, hər bir azərbaycanlı qürur duyur.
Əziz şəhidlər, ruhunuz qarşısında baş əyirik. Nə etsək belə haqqınız ödənilməz. Şəhid anaları, siz övladınızı vətənpərvər yetişdirdiniz, Vətən üçün yetişdirdiniz, hər biri qəhrəman olub tarix yazdılar. Sizlər bir övladınızı vətənə qurban verdiniz, bütöv Azərbaycan xalqının anası oldunuz. Qarşınızda baş əyirik. Artıq torpaqlarımız azaddır, biz qalib dövlətin ədliyyə qulluqçularıyıq. Nə qədər sevincli olsaq da, canını torpaqların işğaldan azad olunması uğrunda fəda etmiş şəhidlərimizin dərdi qəlbimizdə qubar bağlayır. Bir üzümüz gülsə də, bu gün onların bizlə olmaması bizi çox kədərləndirir.
44 günlük Vətən müharibəsində Ədliyyə Nazirliyinin əməkdaşları və onların ailə üzvləri, ədliyyə könüllüləri yüksək vətənpərvərlik hissi ilə döyüşlərdə iştirak ediblər. Nazirliyin aparatının 1 əməkdaşı, həmçinin 4 ədliyyə işçisinin ailə üzvü şəhid olub. Müharibə dövründə Ədliyyə işçiləri döyüşlərdə, fədakar xidmət göstərib, həmçinin ordumuzla həmrəylik nümayiş etdirərək, hərbiçilərimizə, yaralılara və şəhid ailələrinə öz dəstəyini əsirgəməyib. Eyni zamanda nazirliyin tibb xidmətinin həkimləri müharibə dövründə yaralılara zərurui tibbi xidmət göstərib, ədliyyə və məhkəmə orqanlarında qanvermə aksiyaları keçirilib, nazirliyin əməkdaşalrı tərəfindən döyüşlərdə yaralanaraq hərbi hospitallarda müalicə alan hərbiçilərimizə mütəmadi baş çəkilib. Müharibədə mərdliklə iştirak etmiş əməkdaşlar göstərdikləri igidliklərə görə yüksək dövlət təltiflərinə layiq görülülüb. Böyük fəxarətlə qeyd etmək istərdim ki, haqq uğrunda mübarizə apardığımız Böyük Vətən Müharibəsində Ədliyyə və məhkəmə işçilərindən və onların ailə üzvlərindən də öz doğma torpaqlarını fədakarlıqla və qəhrəmanlıqla qoruyarkən şəhidlik zirvəsinə yüksələn və yaralanan vardır.
Ədliyyə işçiləri olaraq şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur. Sizinlə fəxr edirik, hər biri bir Azərbaycan olan Vətən Şəhidləri! Şərəflə qorudunuz bu Vətəni, Şəhidlik zirvəsinə ucalaraq öz qanınızla azad etdiniz 30 ildən artıq düşmən tapdağında olan tarixi torpaqlarımızı!
Şəhidlikləri ilə bizə Zəfər sevinci yaşadan oğullarımız, heç vaxt unudulmayacaqsınız! Allah bütün Şəhidərimizə rəhmət eləsin! Şəhid ailələrinin hamısına dərin hüznlə başsağlığı verir, yaralalarımıza tezliklə sağalmalarını arzulayırıq.Vətən sağ olsun deyirəm!
Təranə Novruzova
Sumqayıt şəhər qeydiyyat şöbəsinin rəisi