İtaliyadakı "Olimpik" stadionunda keçirilən "Roma" - "Qarabağ" oyunu başa çatıb. Görüşdə İtaliya təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. "Roma"nın heyətində Dieqo Perotti fərqlənib.
"C" qrupunun Londonda keçirilən "Çelsi"-"Atletiko Madrid" oyunu isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
"Çelsi" klubu 11 xalla "C" qrupunun lideri olub. Eyni xala malik "Roma" ikinci, "Atletiko Madrid" 7 xalla üçüncü, "Qarabağ" isə 2 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb.
"Roma" və "Çelsi" mübarizəni növbəti mərhələdə, "Atletiko Madrid" isə UEFA Avropa Liqasında davam etdirəcək. "Qarabağ" üçün isə avrokubok həyəcanı başa çatıb.
X X X
00:30
Qarşılıqlı hücumlar şəraitində keçən oyunun birinci hissənin ilk dəqiqələri kəşfiyyat xarakteri daşıyıb. Oyunun 14-cü dəqiqəsində "Roma"nın futbolçusu Kostas Manolasın güclü zərbəsini "Qarabağ"ın qapıçısı İbrahim Şehiç dəf etməyi bacarıb. Növbəti təhlükəli vəziyyəti isə görüşün 22-ci dəqiqəsində "Qarabağ"ın oyunçusu Dino Ndlovu yaradıb. Hücumçunun güclü zərbəsinə baxmayaraq top qapıdan keçməyib.
İlk hissəsinin sonuandək "Roma" futbolçuları Ağdam təmsilçisinin qapısı qarşısında təhlükəli vəziyyətlər yaratsalar da, görüşdə hesab açılmayıb.
X X X
23:45
UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu - altıncı turunda Ağdamın “Qarabağ” komandası İtaliya paytaxtında “Roma” klubu ilə qaşılaşır.
AZƏRTAC xəbər verir ki, Romanın “Olimpiko” stadionunda keçirilən qarşılaşmada “Qarabağ”ın start heyətində İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Mahir Mədətov, Riçard Almeyda, Əfran İsmayılov, Elvin Yunuszadə, Yakub Rzezniçak və Donald Gerye yer alıblar.
İtaliya təmsilçisinin ilk on birliyinə isə Alisson Beker, Radya Nainqolan, Kevin Strutman, Dieqo Perotti, Edin Dzeko, Aleksandar Kolarov, Daniele de Rossi, Federiko Fazio, Alessandro Florenzi, Kostas Manolas və Stefan El Şaravi daxil ediliblər.
Görüşün baş hakimi almaniyalı Tobias Ştilerdir. Ona Mayk Pikel və Yan Sidel kömək edirlər. Əlavə köməkçi hakimlər Bastyan Dankert və Harm Osmersdir. Dördüncü hakim funksiyasını Kristian Qittelmann yerinə yetirir.
Bu qrupun digər oyununda “Çelsi” Londonda Madridin “Atletiko” komandasını qəbul edir.
Hazırda hesabında 10 xal olan “Çelsi” qrupda birinci pillədə qərarlaşıb. “Roma” 8 xalla ikinci, “Atletiko Madrid” isə 6 xalla üçüncüdür. Hesabında 2 xal olan “Qarabağ” isə sonuncudur.