ULUSƏS-in Musavat.com-a istinadən xəbər verir ki, Ermənistana Rusiyadan yük daşınması üçün yeni dəhliz verilir; Natiq Miri: “Heç kim təminat verə bilməz ki, həmin dəhlizdən silah daşınmayacaq”
Ermənistan prezidenti Serj Sərkisyan dekabrın 25-də Gürcüstana iki günlük işgüzar səfər edəcək. Ermənistan mediasının yaydığı xəbərə görə, görüş zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunacaq. Serj Sərkisyan Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir Georgi Kverkaşvili, parlamentin sədri İrakli Kobaxidze, eləcə də Gürcüstan patriarxı II İlya ilə görüşəcək.
Sərkisyanın səfəri öncəsi Gürcüstanın baş naziri Georgi Kvirikaşvili erməni mallarının fors-major hallarında Abxaziya və Cənubi Osetiya vasitəsilə Gürcüstan ərazisindəki nəqliyyat dəhlizlərindən keçməsinin mümkünlüyünü bəyan edib. Bu isə Gürcüstan müxalifətində güclü reaksiya doğurub və qalmaqala səbəb olub.
Müxalif “Milli hərəkat” Partiyasının tələbi ilə Georgi Kvirikaşvili parlamentdə açıqlama verməli olub. O deyib ki, bu dəhlizlər 2011-ci ildə Gürcüstanla Rusiya arasında imzalanmış “Gömrük idarəetməsi və malların monitorinqinin əsas prinsipləri haqqında” sazişlə müəyyən edilib. Saziş çərçivəsində 2017-ci ilin dekabr ayının 19-da Berndə Gürcüstan Gəlirlər Xidməti (ölkənin Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərir) İsveçrənin SGS şirkəti ilə malların monitorinqi üzrə müqavilə bağlayıb. Ermənistan tərəfindən bu dəhlizlərdən Rusiyaya malların təchizi məqsədilə istifadə ediləcək: “Tərəfimizdən imzalanmış müqavilənin heç bir bəndi dövlətimizin maraqlarının əleyhinə deyil. Mən təkrar edirəm, söhbət ancaq fors-major situasiyadan gedir, yəni qar yağanda, yaxud Yuxarı Lars keçidi istiqamətində qar uçqunu, sürüşmə baş verəndə. Vurğulayıram ki, fors-major hallarında Tsxinvaldan keçən (Rok tuneli vasitəsilə) dəhlizdən Türkiyə, Ermənistan və ölkənin tranzit statusundan istifadə edən digər dövlətlər yararlana bilərlər”.
Hökumət başçısının bu bəyanatı müxalifət tərəfindən birmənalı qarşılanmayıb. Saziş Tiflisin Rusiyanın Ümumdünya Ticarət Təşkilatına qəbulu üçün vetonu aradan qaldırmasından sonra imzalanıb. Sazişin şərtlərinə əsasən, ticarət dəhlizləri Gürcüstanın nəzarət etmədiyi Abxaziya və Cənubi Osetiya ərazilərindən keçməlidir. Bununla bərabər, tərəflər malların axınına və markalanmasına nəzarət etmək üçün beynəlxalq vasitəçilərin dəvət edilməsi barədə öhdəlik götürüblər. Nəticədə, seçim İsveçrə şirkətinin üzərində dayanıb.
Gürcüstanın sabiq xarici işlər naziri, müxalifətdəki “Vahid milli hərəkat” Partiyasının üzvü Qroqol Vaşadze bildirib ki, üçüncü ölkələr tərəfindən dəhlizdən istifadə 2011-ci ilin sazişinin pozulmasıdır: “Ermənistana bu dəhlizlərlə mallarını daşıma imkanının yaradılması sazişlə qətiyyən əlaqəli deyil”.
Eyni zamanda, o, bütün müxalifət adından Gürcüstan hakimiyyətini 19 dekabrda İsveçrə şirkəti ilə imzalanmış müqavilənin şərtlərini açıqlamağa çağırıb.
Modern.az-ın yazdığına görə, Yuxarı Larsa alternativ axtarışı İrəvan üçün strateji əhəmiyyətli məsələdir, belə ki, Ermənistana yük axınının mütləq əksəriyyəti-80%-ə yaxını Moskvadan gəlir. Hazırda ekspertlər 6 müxtəlif variantı nəzərdən keçirir: dəniz yolu (Poti vasitəsilə), üç quru yolu (Cənubi Osetiya dəhlizi, Dağıstan və Yuxarı Larsdan keçən Avar-Kaxeti yolu) və dəmir yolu (Zuqdidi-Soçi marşrutu üzrə Abxaziya ərazisindən keçir).