Dekabrın 21-də “CinemaPlus”da nümayişi keçiriləcək “Cinemazadeh” studiyasının istehsalı olan “Kəklikotu” macəra komediyasının əsas qəhrəmanlardan olan aktyor İslam Mehrəliyevin Oxu.Az-a müsahibəsi:
- “Kəklikotu” filminə dəvətinizlə bağlı məlumat verməyinizi istərdik...
- “Kəklikotu” filmində yaradacağım obrazla bağlı mənə təklif gələndə, uğurla yarada bilib-bilməyəcəyim barədə çox düşünürdüm. Ekran işində kənd uşağı obrazını canlandırmalı idim. Bu filmə görə saçımı uzatdım. Xarici görünüşümdə xeyli dəyişiklik edildi.
- Sizcə, obraz uğurlu alındı?
- Rejissor söylədi ki, ləhcə ilə danışmayım, hansı kənddən olduğum aydın olmasın və bu, tamaşaçıda sual doğursun. Obrazım belədir ki, dayımla kənddən şəhərə meyvə-tərəvəz satmağa gəlirik və hadisələr bundan sonra cərəyan etməyə başlayır. Çalışdım ki, rejissorun tapşırıqlarını yüksək səviyyədə yerinə yetirim. Nə dərəcədə uğurlu alındığını isə tamaşaçılar filmi izlədikdən sonra söyləyə bilərlər.
- Rol aldığınız digər komediya filməri ilə “Kəklikotu”nun fərqi nədən ibarətdir?
- Birincisi, burada sənət aləminin çox sevilən və tanınmış simaları yer alıb. Hər kəs öz kumirini bu filmdə izləyə biləcək. İkinci tərəfi odur ki, kəklikotu digər otlarla səhv salınır. Bu isə yəqin ki, maraq doğurar. Üçüncüsü, ilk dəfə idi ki, mən filmdə müğənni Nigar Camalla tərəf müqabili olurdum. Tamaşaçılar filmdə onun səhnə plastikası, aktrisalıq bacarığını izləyə biləcəklər. Bu, Nigar Camalın kinoda debütü idi.
- Sizcə, film rezonansa səbəb ola biləcək?
- Hərdən elə filmlər olur ki, onu ürəksiz seyr edirsən. Amma nəticə tutarlı olur. Film reytinq qazana bilir. Elə film də var ki, onun böyük rezonansa səbəb olacağını gözləyirsən. Ancaq əksinə olur. Ona görə fikirləşirəm ki, hər şey ola bilər. Hətta gözləmədiyimiz nəticə baş verə və ya yüksək rekord vura bilər.