Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və ulu öndər Heydər Əliyev ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirilmiş, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artmış, səlahiyyət dairəsi genişlənmişdir.
Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədi ilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr - 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edilmiş və ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir. O gündən ədliyyə işçiləri öz peşə bayramlarını qeyd edirlər.
Ümummilli lider Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsinə, demokratik dövlət quruculuğuna, o cümlədən məhkəmə-hüquq islahatlarına başlanılmışdır. Nəticədə ölkəmizdə beynəlxalq standartlara cavab verən qanunvericilik bazası yaradılmış, demokratik prinsiplərə əsaslanan yeni məhkəmə sistemi təsis edilmiş, ədliyyə orqanlarının səlahiyyətləri genişləndirilmiş və onun qarşısında yeni vəzifələr qoyulmuş, şəffaf prosedurlar əsasında peşəkar hakim və ədliyyə korpusu formalaşdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar və 17 avqust tarixli fərmanları məhkəmə və ədliyyə orqanlarının inkişafının yeni mərhələsini müəyyən etmiş, məhkəmə-hüquq sisteminin müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsinə, ölkəmizin regionlarında hüquq infrastrukturunun genişləndirilməsinə şərait yaratmışdır.
İslahatların bu mərhələsində məhkəmə və ədliyyə orqanlarının inkişafının əsas məqsədləri əhalinin hüquqi təsisatlara və hüquqi yardıma tələbatının ödənilməsi, yeni nəsil hakim və hüquqşünasların formalaşdırılması, məhkəmələrin müstəqilliyinin və məhkəmələrə inamın artırılması, məhkəmələrə və ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasıdır.
Hüquq sisteminin təkmilləşdirilməsi, həmçinin əhaliyə göstərilən notariat və digər hüquqi xidmətlərin, hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatının, məhkəmə ekspertizasının, penitensiar müəssisələrin və məhkəmə icraçılarının işinin müasir tələblər səviyyəsində qurulmasına yönəlmişdir.
Azərbaycan Respublikasının Prezidenti seçilməsinin ilk dövrlərindən ədalət mühakiməsinin səmərəsinin artırılmasına xüsusi diqqət yetirən dövlət başçısı İlham Əliyevin siyasi iradəsi ilə 2004-cü ildən etibarən məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması işinə başlanılmışdır.
Bu məqsədlə yeni qanunvericilik bazası yaradılmış, hakimlərin müddətsiz - son yaş həddinədək təyinatı, onların fəaliyyətlərinin qiymətləndirilməsi və intizam məsuliyyətinin təkmil əsasları təsbit olunmuş, hakimlərin seçiminin Avropada ən mütərəqqi qaydaları müəyyən edilmişdir.
Azərbaycanda aparılan məhkəmə islahatları nüfuzlu beynəlxalq qurumlar tərəfindən də təqdir edilir və dəstəklənir. Beynəlxalq təşkilatlarla da əməkdaşlıq səmərə verir.
Ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə rəhbərliyinin tapşırıqlarının, nazirliyə həvalə edilmiş yeni funksiya və vəzifələrin icrası daim diqqətdə saxlanılır.
Ədliyyənin fəaliyyət istiqamətləri üzrə həyata keçirilən tədbirlər, həmçinin kadr korpusunun təkmilləşdirilməsi ilə müşayiət olunur. Son illər ədliyyə orqanlarına qulluğa qəbulla bağlı açıq müsabiqələr davamlı xarakter almışdır.
Bayramınız mübarək əziz həmkarlarım.
Gözəl İsgəndərova
Zaqatala rayonu 2 saylı notariat kontorunun xüsusi notariusu