Martın 12-də saat 10:17-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən, saat 10:23-də Daxili İşlər Nazirliyinin 102 - zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Astara şəhərində, Aydın Məmmədov küçəsi 47 ünvanında minanın tapılması barədə məlumat daxil olub.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Astara Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis əməkdaşları tərəfindən əhatəyə alınıb. ANAMA-nın mütəxəssisləri tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 15 ədəd təlim məqsədli (tərkibində heç bir partlayıcı maddə olmayan) tank əleyhinə mina (TM-62M) aşkarlanıb. Həmin sursat götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Minaların tapıldığı yerin ətrafında 2 min kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.