Aprelin 19-da Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Əməkdar elm xadimi, professor Əhməd Əlibaba oğlu Abasquliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektoru, professor Gəray Gəraybəyli Əhməd Abasquliyevin psixiatriya sahəsində doktorluq dissertasiyası müdafiə etmiş və professor adı almış ilk azərbaycanlı alim olduğunu deyib. Onun psixiatriya elminə verdiyi töhfələrdən danışan rektor görkəmli alim haqqında xatirələrini də bölüşüb. Rektor yüksək insani keyfiyyətlərə malik Ə.Abasquliyevin əziz xatirəsinin daim qəlblərdə yaşayacağını və onun psixiatriya elminin inkişafı naminə gördüyü işlərin unudulmayacağını bildirib.
Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti, Tibb Universitetinin psixiatriya kafedrasının professoru Nadir İsmayılov Əhməd Abasquliyevin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Sonra Əməkdar elm xadimi haqqında fotossesiya nümayiş etdirilib.
Digər çıxış edənlər də görkəmli alim haqqında xatirələrini bölüşüb, onun əziz xatirəsinin unudulmayacağını qeyd ediblər.
Qeyd edək ki, tədbir Səhiyyə Nazirliyi, Tibb Universiteti və Azərbaycan Psixiatriya Assosiasiyasının birgə təşəbbüsü ilə təşkil olunub.