25 oktyabr 2008-ci ildə Böyük Azərbaycan opera və estrada müğənnisi Müslüm Maqomayev (1942-2008) vəfat edib. M.Maqomayev 1973-cü ildə 31 yaşında SSRİ Xalq Artisti adına layiq görülüb. 1960-cı və 1970-ci illərdə SSRİ-də M.Maqomayevin populyarlığının həddi-hüdudu yox idi. O, minlərlə tamaşaçı yeri olan, ağzınacan dolu stadionlarda konsertlər verir, Sovet İttifaqı boyu bitib-tükənməyən qastrol səfərlərinə çıxır, tez-tez televiziyaya dəvət edilirdi. Onun mahnıları yazılmış qrammofon valları çox böyük tirajlarla çıxırdı. M.Maqomayev hələ də postsovet məkanında bir çox nəsillərin nümayəndələrinin pərəstiş etdiyi böyük müğənni hesab olunmaqdadır. M.Maqomayevin konsert repertuarında 600-dən çox əsər, o cümlədən ariyalar, romanslar, mahnılar var. Böyük sənətkar 20-dən çox mahnının, tamaşa, müzikl və kinofilmlərə musiqinin müəllifidir.
Fərid Faiqoğlu