Bir neçə gün sonra Azərbaycanda kütləvi tədbirlərin, toyların qadağan edilməsindən bir il ötəcək.
Sözügedən mövzu tez-tez sosial şəbəkələrdə müzakirə edilir, məclislərə yenidən icazə verilməsi barədə postlar paylaşılır. Bu məsələni daha çox incəsənət üzvləri- müğənnilər, toy təşkilatçıları, administratorlar qaldırır. Restoran və kafelərin fəaliyyətinin bərpa edilməsi, qapalı məkanların işləməsindən sonra toy məsələsi yenidən aktuallaşıb.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yazıçı Seymur Baycan da həmin məsələ barədə fikir bildirib. S. Baycanın sözlərinə görə, azərbaycanlılar üçün toysuz qalmaq elə dünyanın axırı deməkdir:
“...azərbaycanlıların heç bir fədakarlıq etmək istəmədən bütün ali adlara, məqamlara, statuslara iddiada bulunmaqları haradasa başadüşüləndir. Onlar öz mövqelərində tamamilə haqlıdırlar. Heç bir prosesdə iştirak etmədikləri halda Mirzə Cəlil bu Kufə əhli üçün jurnal nəşr edib, Rəsulzadə bunlar üçün dövlət qurub, Üzeyir Hacıbəyov bunlar üçün akademik musiqi yaradıb. Ona görə də tutar qatıq, tutmaz ayran fəlsəfəsiylə rahatca yaşamaqdadırlar. Heç nə də veclərinə deyil. Sabah Konservatoriyanı bağlayıb yerində kababxana açsalar, beş-altı adamdan savayı heç kimin tükü də tərpənməyəcək. Necə ki, kitabxanaları bağlayıb yerində kababxanalar açanda beş-altı adamdan savayı heç kimin tükü də tərpənmədi. Bu dəqiqə azərbaycanlıları narahat edən ən vacib məsələ toyların qadağan olunmasıdır.
Onlara şadlıq evi lazımdır. Gedib orada atlanıb-düşsünlər, qızıllarını, o iyrənc paltarlarını bir-birlərinə göstərsinlər, mahnı oynamaq üstündə dalaşsınlar, bıçaqlaşsınlar, toyda özlərinə arvad, ər tapsınlar, artsınlar, çoxalsınlar, doğub-törəsinlər…
Gah orada gizli toy keçirirlər, gah burada gizli nişan keçirirlər. Adamda belə təəssürat yaranır ki, elə bir fəaliyyəti qadağan olunmuş hansısa təşkilat zirzəmidə zadda gizli tədbirlər keçirir, gizli mətbəədə vərəqələr çap edir… Nə olub? Dünyanın axırıdır? Toy qadağan olunub, olmaz, vəssalam.
Yəni bunu başa düşmək bu qədər çətindir? Yox, azərbaycanlılar toysuz qala bilməzlər. Azərbaycanlılar üçün toysuz qalmaq elə dünyanın axırı deməkdir. Çünki, toy, şadlıq evi, mahnı, oynamaq üstündə dalaşmaq, bıçaqlaşmaq onların həyatının yeganə mənasıdır. Səni inandırım, bu toy qadağası bir az da davam etsə, azərbaycanlılar hansısa ölkəyə hücum edəcəklər. Təcili bu toy, nişan qadağasına bir əncam çəkmək lazımdır. Əks halda bölgə qan çanağına dönəcək. Tam ciddiyəm, heç kim fikirlərimi absurd kimi qəbul etməsin”.