Ermənilər bütün dünyada Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri verən, balanslı mövqe nümayiş etdirən jurnalistləri, siyasətçiləri, ictimai fəalları hədəf götürür.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin şəxsləri ölümlə hədələmək həddində qəzəb nümayiş etdirən erməni lobbisinin bu hərəkətləri Avropa ölkələrində baş verir.
Fransanın “TF-1” kanalı, “The New York Times” qəzetinin əməkdaşından sonra bu dəfə İtaliyanın “La Repubblica” qəzeti də erməni lobbisi tərəfindən sosial şəbəkələrdə çoxsaylı təzyiqlərə məruz qalır. Onlar qəzeti islampərəst olmaqda ittiham edirlər. Həmçinin qəzetin müxbirinin Azərbaycan Prezidenti ilə müsahibəsində ilk açılış sualını əxlaqdan kənar və tamamilə yersiz hesab etdiklərini iddia edirlər.
Prezidentin köməkçisi Hikmət Hacıyev də məsələyə münasibət bildirib. O qeyd edib ki, indi də İtaliyanın “La Repubblica” qəzetinin jurnalisti Peitro Del Re erməni lobbisinin təhqiramiz hücumuna məruz qalır: ““Beynəlxalq Sərhədsiz Reportyorlar” təşkilatını və ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsini Ermənistan-Azərbaycan münaqişəsinin obyektiv reallıqlarını işıqlandıran peşəkar jurnalistlərə, mediaya qarşı fiziki, şifahi təhdidləri, təhqiramiz şəxsi hücumları qınamağa çağırırıq. İfadə azadlığına hörmət edilməlidir”.
Göründüyü kimi, Avropanın istənilən ölkəsinin media orqanları tərəfindən Azərbaycan, Dağlıq Qarabağ həqiqətləri ilə bağlı hazırlanmış obyektiv, qərəzsiz süjetlər, reportajlar erməni lobbisi tərəfindən təhdidlə qarşılanır.
Xatırladaq ki, ermənilər ABŞ-ın “The New York Times” qəzetinin redaksiyasının qarşısında “NY Times”ın İstanbuldakı müxbiri Karlotta Qallın obyektiv reportajlarına görə etiraz aksiyası keçirmişdi. Həmin məqalədə ermənilərin Azərbaycanın dinc əhalisini raketlə atəşə tutması nəticəsində onlarca insanın həlak olması və yaralanması, ev və obyektlərin zədələnməsindən bəhs edilirdi.
Həmçinin, Prezidentin köməkçisi Hikmət Hacıyevin fikirlərindən də məqalədə sitat gətirilmişdi. Həmin sitatda bildirilir ki, danışıqlar prosesini başa vuran əsas məsələ Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” sözləri olub.
Bundan sonra erməni etirazçılar erməni bayraqları və “Qarabağ münaqişəsinin düzgün işıqlandırılması” tələbi ilə redaksiyanın binasının önünə gələrək aksiya keçiriblər.
Bundan əlavə, Fransanın “TF-1” kanalında yayımlanan reportajın müəllifi də eyni təzyiqlə qarşılamışdı. Belə ki, telekanalın əməkdaşı xanım Liseron Budul Dağlıq Qarabağ münaqişəsindəki hazırkı durumu peşəkarlıqla diqqətə çatdırıb, özü şəxsən hərbi əməliyyatların getdiyi ərazidə, Ermənistanın Azərbaycanın mülki əhalisini kütləvi qırğın silahları ilə atəşə tutduğu Gəncə, Tərtər və digər bölgələrində olub. Onun hazırladığı material çalışdığı telekanalda yayımlanıb.
"TF1” telekanalı bu reportajı yayımladıqdan sonra Fransadakı erməni lobbisinin üzvləri media orqanına və xanım Liseron Budula qarşı təzyiqlərə başlayıb. Onların açıq təhqirləri, ölüm hədə-qorxularından sonra telekanal sözügedən materialı sistemindən silib.
Qeyd edək ki, bu kimi təzyiqlər ümumilikdə Avropada və Amerikada qanunvericiliyə təhdid hesab olunur. Erməni lobbisinin təhdidləri söz və ifadə azadlığı kimi ali dəyərləri heçə sayır.
Dünyanın aparıcı media qurumları, insan hüquqları birlikləri və beynəlxalq təşkilatları bu təhdidlərə və mənəvi təzyiqlərə biganə qalmamalıdır.