101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən öz namizədliyini irəli sürən Səyavuş Məmmədov bölgə əhalisinin yaşayışı üçün bir sıra vacib və praktiki məsələlər irəli sürüb. ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Verilən söz tutulacaq” şüarı ilə önə çıxan namizəd bölgədə turizm potensialının inkişafı üçün aşağıdakı istiqamətlərə diqqət çəkir:
"Göygöl-Daşkəsən bölgəsinin sadəcə füsunkar gözəllik, təmiz hava, şəfalı sular və ya gözalıcı yaşıllıqdan ibarət deyil. Bölgə əhalisinin adət-ənənələri, çeşitli və ləziz kulinariyası, həmçinin tarixi abidələrinin zənginliyi var. Bu zənginlik bizə imkan verir ki, bölgəmizi Azərbaycanın və hətta Qafqazın ən çox ziyarət edilən turizm mərkəzlərindən birinə çevirək.
Yerli yeməklər
Damağında Minurə nənənin qurudlu xəngəlinin dadı qalan bir turist növbəti dəfə mütləq geri dönəcək. Toğanalı kənd sakini Minurə nənə dadlı yeməkləri ilə seçilir və yaxın çevrəsində olan insanlar ona qonaq getməyi çox sevirlər. Minurə nənə və onun dadına doyum olmayan qurudlu xəngəli sadəcə bir nümunədir. Onunla bərabər, eləcə də bölgənin digər kəndlərindəki xamalı beçəsi, özünəməxsus kətəsi, təndir çörəyi və s. ləziz yeməkləri ilə zəngin olan nənələrimizin evləri daim qonaqlı-qaralı olduğu kimi bölgəyə gəlib onlardan dadan turistlər də bölgəmiz üçün daimi qonağa çevriləcək.
Yerli tarixi abidələr
Göygöl və Daşkəsən rayonlarında yerləşən tunc və dəmir dövründən qalma məbədlər, qalacıqlar və kurganlarla yanaşı nisbətən yaxın dövrə - XII, XIV, XVI və XIX əsrlərə aid monastr, kilsə, məscid və körpülərin turistlər üçün dəyərli səfər səbəbi kimi nəzərə alınacaq. Bu abidələrin tanıdılması yönündə işlər aparılacaq. Daşkəsən rayonunda yerləşən Qabaqtəpə ərazisi və burada yerləşən Alban məbədi, Zağalı kəndində dünya əhəmiyyətli qədim kurqan və daş qəbirstanlıqlar və Göygöl rayonunda yerləşən 1674-cü ildə tikilmiş “Qabriyel” kilsəsi, 1854-cü ildə tikilmiş “Lüteran” kilsəsi və Zurnabad kəndi ərazisindəki XII əsrə aid Qala diqqəti ən çox çəkən abidələrdir. Adı çəkilmiş abidələrdən başqa da bir çox dünya və yerli əhəmiyyətli tikililər turistlər üçün cəlbedicidir. Bu tarixi zənginliyin doğru şəkildə tanıdılması isə turizm potensialı cəhətdən önəm kəsb edir.
Məşğulluğa turizm tövhəsi
Təbiət, dadlı yeməklər və fərqli mədəniyyət kimi bu üç özəlliyi də turistlər üçün eyni anda əlçatan edən layihə onların yerli sakinlərin evlərində qarşılanmasıdır. Dünyanın bir çox ölkəsində effektiv nəticə vermiş bu təcrübə sayəsində turistlər yerli sakinlərin təmənnalı qonağı olur, istirahət edir, milli yeməklərimizi dadır və adət-ənənələrimizlə birbaşa tanış olur. Bu layihə sayəsində yerli əhali üçün əlavə və güclü gəlir mənbəyi yaranmış olmaqla birlikdə ölkəmiz və mədəniyyətimiz tanıdılmış olur. Ölkəyə birbaşa valyuta girişini təmin edən və bölgə əhalisinin rifahına çox müsbət təsir göstərəcək bu özünəməşğulluq layihəsini yüksək gəlirli sosial layihə də adlandırmaq olar. İlkin mərhələdə turist axını yaratmaq üçün AirBNB kimi internet bazalı beynəlxalq turizm şəbəkələrindən istifadə olunacaq”.
Qeyd edək ki, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən öz namizədliyini irəli sürən Səyavuş Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və kredit” üzrə bakalavr, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” üzrə magistr təhsili alıb. Qərbi Azərbaycanda anadan olan Səyavuş Məmmədov dövlət və özəl sektorunda zəngin təcrübəyə malikdir. Hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsul vəzifədə çalışır.