Bəli, bu gün qazanılan qələbələr Azərbaycan Prezidentin, Ali Baş Komandan İlham Əliyevin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, Güclü Ordumuzun, rəşadətli əsgərlərimizin və xalqın birliyinin məntiqi nəticəsidir.
Bir sözlə, Böyük Azərbaycan zərrə-zərrə işğal edilsə də, ağır döyüşlərdə büdrəsə də, heç vaxt yıxılmamışdır. Dəfələrlə aramsız müharibələrə, talanlara, işğallara məruz qalan ana yurd Cənab Prezident İlham Əliyevin sözləri ilə desək, heç vaxt indiki qədər qüdrətli olmamışdır. Bu gün Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr bir daha sübut edir ki, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əks hücumu nəticəsində uzun illər işğal altında olan torpaqlarımızın azad olması xəbəri hər birimizdə böyük ruh yüksəkliyi yaradır. Çünki bu gün Azərbaycan Ordusu öz torpağında, öz torpağı uğurunda, ərazi bütövlüyü uğrunda vuruşur. Artıq Vətən Müharibəsini 26-ci günüdür, hər gün qələbələr müjdəsi gəlir, azad olunan ərazilərimizdə Azərbaycanımızın üç rəngli bayrağı dalğalanır. Hər gün, hər saat ardıcıl olaraq qələbə sorağını eşitmək və bu sevinci xalqımıza bəxş edən ölkə Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevlə, Güclü Azərbaycan Ordusu və rəşadətli, qəhrəman əsgərlərimizlə Azərbaycan xalqı qürur və fəxr edir.
Qazanılan qələbələr təkcə silahın gücü deyil, həm də Prezidentimizin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsidir. Bu gün Prezident İlham Əliyevin əməli addımları, dünyanın nüfuzlu telekanallarında ingilis, rus, türk və doğma Azərbaycan dilimizdə müsahibələrində Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə onların başa düşəcəyi dildə çox böyük qətiyyətlə çatdırması informasiya müharibəsində də ciddi irəliləyişlərə dəlalət etmişdir. Həmin müsahibələrdə dövlət başçımız dünyaya Azərbaycan həqiqətlərini bir daha aydın və net bəyan etməkdədir. Qarabağın Azərbaycanın əzəli torpağı olması, tarixi ədalətin hər zaman onun Azərbaycana aid olmasını, Azərbaycanın haqq yolunda mübarizə apardığını dünya ictimaiyətinə çatdırıb və çatdırır. Azərbaycan Prezidenti, Ali Baş Komandan oktyabrın 20-də xalqa etdiyi müraciətində də bildirdi ki, düşmən bizim qarşımızda acizdir: “Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq! Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!”.
Bu gün artıq Ermənistan Azərbaycan Prezidentinin diplomatik siyasəti, Güclü Ordusu və rəşadətli əsgərləri qarşısında diz çökür və çökəcək! Azərbaycan Prezidenti: "Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir. Artıq qarşımızda diz çöküb, onları diz çökdürmüşük" və "Bax, bizim yumruğumuz sadəcə olaraq düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyi, məqsədyönlü fəaliyyət, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir”.
Bəli, bu qələbə Ali Baş Komandanımızın, bizim birliyimizin qələbəsidir, haqq işimizin, Müzəfər Ordumuzun gücünün, rəşadədtli əsgərlərimizin, Azərbaycan xalqının iradəsinin qələbəsidir!
Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!.
Nağıyeva Lalə Loğman qızı – Masallı rayon Dəmirçi kənd məktəbi, müəllim