TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı koronavirus əlamətləri olan, lakin test nəticəsi neqativ çıxan xəstələr haqda danışıb.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, R.Bayramlı bildirib ki, simptomları koronavirus xəstəliyinə uyğun olan belə xəstələr də müalicəyə götürülür:
“Yuxarı tənəffüs yollarından alınmış materiallarda COVİD-19 xəstəliyi aşkar olunmayan, PZR analizi ilə müayinələrdə aşkarlanmayan, ancaq klinikası, radioloji görüntüsü koronavirus xəstəliyinə xas olan əlamətləri olan xəstələrimiz də var. Onlar xüsusi karantin rejimli xəstəxanalarda deyil, digər xəstəxanaların infeksion korpuslarında müalicə alırlar. Onların arasında kifayət qədər vəziyyəti ciddi olanlar var. Mütəmadi olaraq tibb işçilərimizin nəzarəti altında COVİD-19 xəstəliyinin protokoluna uyğun olaraq, digər xəstəliklər inkar olunmaqla müalicə olunurlar”.
R.Bayramlı əlavə edib ki, yuxarı tənəffüs yollarından götürülən analizlərin neqativ çıxmasının səbəbi xəstənin həkimə gec müraciət etməsinə görədir: “Virusa yoluxan şəxslər özlərini evdə müalicə etməyə cəhd etdikləri üçün təcili tibbi yardıma müraciət etməyi gecikdirirlər və virus insanın aşağı tənəffüs yollarına, ağciyərlərinə qədər yoluxur. Ağciyərlərdən nümunə götürüb test etmək isə olduqca çətindir. Buna görə də koronavirus əlaməti olan şəxslərin erkən vaxtda təcili tibbi yardıma müraciət etməsi tövsiyə olunur”.