Bəstəkar- müğənni Murad Arif çağırış edib. Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ifaçı instaqramda paylaşım edərək piratçılığa etiraz edib. O, MP3 saytlarının qısa müddət ərzində bağlanmasını təklif edib: “Anlayıram ki, bir çox problemlərimiz var. Lakin bizim sahənin ən böyük problemini də dilə gətirmək lazımdır. Biləsiniz ki, musiqiçi heç bir teatrdan, klubdan, TV və radiodan qonorar almır. Belə olan halda, ümid qalır yalnız musiqisini satmağa... O da alınmır. Bu gözəl ölkəmizdə Mp3 saytlar, yutubdan MP3 yükləyən portallar və proqramlar, bir sözlə piratçılıq imkan vermir. Əsl yaradıcılıq, kreativlik mahnı, albom satılanda meydana gəlir. Yalnız toylara göz dikməyən ifaçı da başlayır müxtəlif mövzuda, janrda, ritmdə mahnılar oxumağa. Texnoloji olaraq ölkə ərazisində MP3 saytlarını əngəlləmək çətin deyil. Bu, həll olunan məsələdir. Sadəcə bununla maraqlanmaq lazımdır. Daha sivil olaq, qayda-qanunlu şou-musiqi sektorumuz olsun, ən azı alternativ janr ifaçıları da qazana bilsin”.