Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.
Vəkillər Kollegiyasından bildiriblər ki, silsilə tədbirlər çərçivəsində martın 2-də saat 10-dan 13-dək Bakı şəhəri 2 saylı vəkil bürosu tərəfindən Yevlax rayonundakı Şahmat Məktəbi Klubunda ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstəriləcək.
Xatırladaq ki, dövlətimizin başçısının Sərəncamına əsasən, Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin göstərilməsi tövsiyə edilib. Bu tövsiyənin icrası ilə əlaqədar keçirilən tədbirlər respublikanın digər regionlarında da təşkil olunacaq.
AZƏRTAC