Birləşmiş Millətlər Təşkilatı bütün tərəfləri Ukrayna ətrafında yaranmış vəziyyətdə təxribat xarakterli ritorika və hərəkətlərdən çəkinməyə çağırır.
Bunu bazar ertəsi BMT baş katibinin siyasi məsələlər və sülhün qorunması üzrə müavini Rozmari Di Karlo Təhlükəsizlik Şurasının iclasındakı çıxışı zamanı bəyan edib.
O bildirib ki, BMT məsələnin sülh yolu ilə həlli istiqamətindəki bütün səyləri dəstəkləməyə hazırdır.
İclas zamanı Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Ukrayna nümayəndəsinin çıxışından əvvəl tədbiri tərk edib.
O qeyd edib ki, BMT-nin Baş katibi Antpniu Quterreşlə öncədən planlaşdırılmış görüşü var.
Nebenzyanın gedişindən sonra Ukraynanın BMT-dəki daimi nümayəndəsi Serqey Kislitsanın çıxışı başlayıb. O, ölkəsinin Krım və Donbasda hücuma başlamaq niyyətində olmadığını deyib. Kislitsa bəyan edib ki, əgər Rusiyanın Ukraynaya aid hər hansı bir sualı varsa, qoşunları sərhədə toplamaqdansa, bu barədə görüşüb danışmaq daha yaxşı olardı.
Qeyd edək ki, xüsusi iclas ABŞ-ın təşəbbüsü ilə keçirilib. Rusiya və Çin əsassız ittihamların müzakirəsinin gərginliyin artmasına səbəb olduğuna işarə edərək, onun təşkilinə qarşı çıxıblar.
Mənbə: Oxu.Az