Martın 12-də Yaponiya hərbi-hava qüvvələrinə məxsus çoxməqsədli “F-4” qırıcısı Komatsu mülki aeroportuna məcburi eniş edib.
ulusestv.az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə nəticəsində pilotlar xəsarət almayıb. Qırıcı təyyarənin Yapon dənizi üzərində keçirilən təlimlərdə iştirak etdiyi bildirilir. Uçuş zamanı təyyarənin mühərrikində problem yaranıb. Məcburi eniş zamanı aeroportun uçuş-enmə zolağı müvəqqəti bağlanıb ki, bu da sərnişin təyyarələrinin uçuş cədvəlində problemlər yaradıb.
Yaponiya hərbi-hava qüvvələrində ABŞ-ın “McDonnel Douglas” şirkəti tərəfindən istehsal edilmiş yetmişə yaxın “F-4” qırıcısının olduğu bildirilir. Bu təyyarələr də bir neçə dəfə modernləşdirilib. Hazırda həmin qırıcıların “Lockheed Martin” şirkətinin istehsalı olan “F-35 Lightning” yeni hərbi təyyarələri ilə dəyişdirilməsinə başlanılıb.