Yeni Zelandiyada müsəlmanlara qarşı terror törətmiş Brenton Tarrantın Avstriya ilə əlaqələri üzə çıxdıqdan sonra ölkə hökuməti “İdentitarist hərəkatı” sağçı-ekstremist şəbəkəsinin ləğvi məsələsini nəzərdən keçirir.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, federal kansler Sebastian Kurts B. Tarrantın Avstriya ilə əlaqələrinin mövcud olduğunu və bu ölkədə fəaliyyət göstərən “İdentitarist hərəkatı”nın bank hesabına ianə köçürdüyünü təsdiqləyib. Bu əlaqə və maliyyə dəstəyini nəzərə alaraq, müvafiq orqanlar araşdırmalar aparır və eyni zamanda “İdentitarist hərəkatı” təşkilatının ləğvi də nəzərdən keçirilir.
Qeyd edək ki, irqçi, etnopluralist (yalnız bir etnosdan ibarət dövlət düşüncəsi) və ekstremist düşüncəni təbliğ edən bu hərəkat 2000-ci illərin başlanğıcında təşəkkül tapıb. Avropanın bir sıra ölkələrində formalaşan bu hərəkatın əsas hədəfi “Avropa mədəniyyəti”nin “saflığını” və onun öz kimliyini (identitet) xarici təsirlərdən “qorumaqdan” ibarətdir. Hər bir xalqın ayrıca bir etnik kollektivdən ibarət olduğunu iddia edən identitaristlər beləliklə hər xalqın ayrıca ümumi mədəniyyət və xarakterə malik olduğunu təbliğ edirlər. Məhz buna görə də Avropa mədəniyyəti xarici təsirlərdən, xüsusilə də digər dinlər və miqrant axınlarından qorunmalı, əhali əcnəbilərin Avropaya axın etməsinə dəstək göstərən “miqrant lobbisi”nə qarşı müqavimət göstərməlidir.
Politoloqların fikrincə, identitaristlər açıq şəkildə irq, ari xalq və s. kimi terminlərdən bilərəkdən istifadə etməsələr də, onların düşüncə tərzi və apardıqları təbliğatın mahiyyəti nasional-sosialist düşüncə tərzi ilə üst-üstə düşür. Məhz bu da terrorçu B.Tarrantın bu hərəkata olan rəğbətini izah edir və aradakı yaxınlığı nümayiş etdirir.