Aprelin 30-da Yaponiya İmperatoru Akihito taxt-tacdan imtina ilə əlaqədar dini və ailə ayinlərini başa vurub.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, orta əsrlər modasına uyğun geyimdə, başında qədim baş geyimi olan Akihito Tokionun mərkəzində yerləşən İmperator sarayındakı üç məbədi ziyarət edib. Bu məbədlər yapon monarxları sülaləsinin yaradıcısı hesab edilən Günəş ilahəsinə məxsusdur.
Həmin məbədlərdə İmperator öz sələflərinə istirahətə getməsi barədə məlumat verib. Bundan sonra onun oğlu, vəliəhd-şahzadə Naruhito da həmin məbədlərdə müvafiq ayinləri icra edib.
Qeyd edək ki, buna qədər İmperator Akihito ölkənin müxtəlif yerlərindəki müqəddəs yerlərə, o cümlədən Yaponiyan ilk İmperatoru hesab olunan Cimmunun kurqanına, İse şəhərindəki Amaterasu ilahəsinin baş məbədinə və atası, İmperator Hirhitonun mavzoleyinə baş çəkərək 11 belə ayini icra edib.
Aprelin 30-da günün ikinci yarısında İmperator sarayının möhtəşəm “Şam ağacı zalı”nda hökumətin üç qolunun nümayəndələrinin – nazirlərin, parlamentin hər iki palatasının sədrlərinin, Ali Məhkəmənin hakimlərinin, həmçinin yerli idarəetmə orqanlarının rəhbərlərinin iştirakı ilə rəsmi mərasim keçiriləcək. Mərasimdə Baş nazir Şinzo Abe ölkə vətəndaşları adından İmperator Akihitoya minnətdarlığını bildirəcək. Bundan sonra Akihito son dəfə İmperator kimi xalqa müraciət edəcək.
Bildirilir ki, Akihito aprelin 30-da günün son saniyəsinədək İmperator hesab olunacaq. Mayın 1-nin başlaması ilə onu taxtda 59 yaşlı oğlu, vəliəhd-şahzadə Naruhito əvəz edəcək. Həmin gün hakimiyyətin üç qolunun nümayəndələrinin iştirakı ilə keçiriləcək mərasimdə İmperatora məxsus iki əşya - qılınc və müqəddəs yaşma daşı yeni monarxa təqdim ediləcək. İmperatora məxsus üçüncü müqəddəs əşya - bürünc güzgü Amaterasu ilahəsinin İse şəhərindəki məbədində saxlanılır.