Mayın 3-də Malayziyada Şimali Koreya lideri Kim Çen Inın böyük qardaşı Kim Çen Namın ölümü ilə nəticələnən hadisədə təqsirli bilinən Vyetnam vətəndaşı olan qadın azadlığa buraxılıb.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Reuters agentliyi məhkəmənin hakiminə istinadla məlumat yayıb.
Vyetnam vətəndaşı, 30 yaşlı Doan Thi Hıonqun vəkili də öz növbəsində agentliyə bildirib ki, həmin qadın axşam saatlarında vətəninə dönəcək.
Xatırladaq ki, Malayziya Ali Məhkəməsi aprelin 1-də Doan Thi Hıonq barəsində maddəni şüurlu şəkildə qətldən sağlamlığa ölümlə nəticələn xəsarət yetirilməsi maddəsinə dəyişib. Nəticədə o, üç il dörd ay müddətinə azadlıqdan məhrum edilib. Vəkilin bildirdiyinə görə, bu zaman qadının həbsdə olduğu müddət də nəzərə alınıb.
Eyni zamanda, hadisədə digər təqsirli, İndoneziya vətəndaşı, 26 yaşlı Siti Aysia martda birbaşa məhkəmə zalından azadlığa buraxılmışdı.
Kim Çen Nam 2017-ci il fevralın 13-də Kula-Lumpur aeroportundan xəstəxanaya gedən yolda vəfat edib. Polisin bildirdiyinə görə, o, naməlum şəxslərin üzünə maye sıçratması nəticəsində güclü başgicəllənmədən şikayət edirmiş. Malayziya hökuməti sonradan ölümün qadağan edilmiş zəhərli VX maddəsi nəticəsində baş verdiyini bəyan edib.