Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan bu gün tərəqqi dövrünün yeni mərhələsini yaşayır. Əsası xalqımızın ümummilli lideri tərəfindən qoyulmuş inkişaf strategiyası bu gün ölkə Prezidenti tərəfindən zəmanəmizin tələblərinə uyğun olaraq təkmilləşdirilir və böyük müvəffəqiyyətlə həyata keçirilir. Bu uğurların təməli isə Azərbaycan dövlətinin müstəqillik qazandığı illərdən – Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə ali hakimiyyətə qayıdışından sonra qoyulub. Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi rəhbərliyə qayıdışının ilk dövründə deyib: “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”.
Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən köklü islahatların həyata keçirilməsinə 2003-cü ildən etibarən başlanıldı. Mütərəqqi islahatlar bu gün də böyük müvəffəqiyyətlə davam etdirilir. Bu da təsadüfi deyil, çünki beynəlxalq iqtisadi məkanda qlobal dəyişikliklər baş verir, ölkələr dərin maliyyə böhranlarından, iqtisadi tənəzzüldən əziyyət çəkir, dünya miqyasında yeni çağırışlar meydana gəlir. Azərbaycanı bütün bu sarsıntılardan qorumaq, ölkədə yaradılmış makroiqtisadi sabitliyin davamlılığını təmin etmək məqsədilə dərin islahatlara böyük ehtiyac yaranır.
Sirr deyil ki, Azərbaycanın inanılmaz sosial-iqtisadi inkişafının gerçəkləşdirilməsində özəl sektorun, sahibkarlığın əhəmiyyəti böyükdür. Dövlətimiz tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasət və sahibkarlığa göstərilən diqqət və qayğı nəticəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamları üçün mükəmməl hüquqi baza yaradılıb, ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində islahatlar aparılır, zəruri tədbirlər kompleksi vahid bir sistem şəklində reallaşdırılır. Sahibkarlarımız məhdud resurslardan istifadənin daha mütərəqqi üsullarının axtarılıb-tapılması, az xərclə və keyfiyyətli məhsul istehsalı, yeni xidmət üsullarının tapılması, marketinqin səmərəli təşkili, istehlakçıların araşdırılması və sair bu kimi sahibkarlıq fəaliyyəti ilə bilavasitə bağlı olan məsələlərin həllində ölkəmizin dövlət müstəqilliyi dövründə böyük uğurlar əldə edə biliblər.
Hazırda ölkəmizdə müxtəlif istehsal sahələrinin inkişaf etdirilməsi üçün xüsusilə gözəl mühit yaradılıb və hesab edirəm ki, öz dövlətinə sadiq olan, xalqını sevən hər bir vətənpərvər Azərbaycan vətəndaşı ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq və inkişafdan qürur duymalı, öz əməyi və fəaliyyəti ilə ölkəmizin tərəqqisinə, dinamik inkişafına töhfəsini verməlidir.
Bütün bu uğurların reallaşdırılması Azərbaycan dövlətinin diqqəti və qayğısı sayəsində mümkün olub. Təsadüfi deyil ki, hazırda müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan yeni müəssisələrin yaradılması ilə Azərbaycanda istehsal edilən sənaye məhsullarının çeşidi və rəqabətqabiliyyətliliyi də sürətlə artır. Bu gün ölkəmizdə fəaliyyət göstərən sənaye müəssisələrində istehsal olunan bir çox sənaye məhsulları ilə Azərbaycan özünü təmin edir.
Qeyd etmək istəyirəm ki, dövlət başçısının Sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi ölkəmizdə aparılan dərin struktur və sosial-iqtisadi islahatların sürətləndirilməsi baxımından vaxtında verilmiş bir qərardır.
Böyük təşkilatçılıq təcrübəsinə, beynəlxalq nüfuza malik olan Mehriban xanım Əliyevanın bir çox sahələrdə olduğu kimi, ölkəmizin dünya miqyasında qazandığı uğurların və nüfuzunun möhkəmləndirilməsi, Azərbaycanda sosial sferanın inkişaf etdirilməsi, eləcə də sahibkarlığa dövlət dəstəyinin daha da gücləndirilməsi istiqamətində fəaliyyəti əvəzsizdir.
Məhz həmin sosial-iqtisadi siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda sahibkarlığa, xüsusilə də kiçik və orta sahibkarlığa göstərilən dövlət dəstəyinin daha da genişləndirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir, daxili və xarici sərmayələrin cəlb edilməsinə daha geniş imkanlar yaradılır. Yeri gəlmişkən, bu günlərdə Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmizin reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması Azərbaycanda aparılan iqtisadi islahatların uğurla həyata keçirilməsinin bariz nümunəsidir.
Eldar isayev
İş adamı