Pandemiya şəraitində vergi daxilolmaları üzrə proqnozların icrası bu islahatların nəticələri olaraq ortaya çıxıb
Koronavirus pandemiyasının iqtisadiyyata və biznes subyektlərinə mənfi təsirlərinə, bununla əlaqədar 2020-ci ildə sahibkarlıq subyektlərinin fəaliyyətində məcburi məhdudiyyətlərin tətbiqinə baxmayaraq, Dövlət Vergi Xidmətinin xətti ilə nəzərdə tutulmuş proqnoz daxilolmalar tam həcmdə yerinə yetirildi və proqnozdan əlavə daxilolmalar 197,3 milyon manat təşkil etdi.
Pandemiya dövründə vergi daxilolmalarının tam həcmdə təmin olunması bir sıra iqtisadçı ekspertlərdə müəyyən suallar yaradıb. Resessiya şəraitində daxilolmaların azalmalı olduğu, ÜDM-in real həcminin azalması fonunda gəlirlərin və vergi ödəmələrinin də aşağı düşməli olduğu vurğulanır, eyni zamanda, daxilolmaların icrası sahibkarlardan daha çox vergi toplanması ilə əlaqələndirilir.