Vətənimin qalib Ali Baş Komandanı və ölkənin birinci xanımı, Birinci vitse-prezident, Mehriban Əliyeva xalqımız üçün çox əlamətdar olan Novruz bayramı günlərində, İlaxır çərşənbədə yenə də işğaldan azad edilmiş ərazilərimizə, Füzulimizə, Xocavəndimizə və mənəvi qibləgahımız olan Şuşaya növbəti səfərlərini gerçəkləşdirdilər.
Azərbaycan vətəndaşı kimi qürur duyaraq izlədik və bir daha əmin olduq ki, hazırda qarşıda duran əsas hədəf işğaldan azad edilmiş ərazilərimizdə quruculuq-bərpa işlərini həyata keçirmək, Böyük Qayıdış proqramının icrasını uğurla başa çatdırmaqdır. Bu baxımdan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş rayonlara davamlı səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Sahibinə qayıdan torpaqlarımızda yeni həyat başlayır. 30 ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan ərazilərimizdə tezliklə məskunlaşmanın şahidi olacağıq. Dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Füzuli və Xocavənd rayonlarına, Şuşa şəhərinə səfərləri də mühüm məqamlarla, həmçinin işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajları ilə yadda qaldı.
Füzuli-Hadrut avtomobil yolunun təməli atıldı, Hadrut qəsəbəsində dövlət bayrağımız qaldırıldı, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməli qoyuldu, Hünərli kəndində tarixi Alban kilsəsi ziyarət edildi, tarixi Tuğ və məşhur Azıx mağarasının yerləşdiyi Azıx kəndinə baş çəkildi. Hər biri bir Tarix, hər biri bir Qələbə müjdəsi! Yolun, izin, müjdən mübarək, Azərbaycanım! Müzəffər Ali Baş Komandanın səfər zamanı çıxışında bir daha bəyan etdiyi kimi, biz xalqımızın yeni tarixini yazdıq, şanlı qəhrəmanlıq tarixini yazdıq. Və azad edilmiş torpaqlarda bu gün artıq böyük quruculuq işləri aparılır, böyük infrastruktur layihələri icra edilir.
Dövlət başçısı İlham Əliyevin təkmil idarəçilik sisteminə əsaslanan uğurlu siyasəti nəticəsində artan iqtisadi və maliyyə imkanlarımız, dost ölkələrlə əməkdaşlıq əlaqələrin genişləndirilməsi fonunda erməni faşizminin ağır yaralar vurduğu bu ərazilərimiz tezliklə, sözün əsl mənasında, cənnətməkana çevriləcək. Prezident İlham Əliyev “Yenə işğaldan azad edilmiş torpaqlardayam” söyləyərək 30 ilin işğalına son qoyulmasından keçirdiyi sonsuz qürur hissini nümayiş etdirir və bu fikirdə belə bir əminlik öz aydın ifadəsini tapır ki, tezliklə soydaşlarımız öz doğma yurd-yuvalarına qovuşacaqlar. Cocuq Mərcanlı ilə başlanğıcı qoyulan Böyük Qayıdışımız reallığa çevriləcək”.
"Azərbaycan əsgəri yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərdir və əsgərə, bütün hərbçilərə verilən təlimat yerinə yetirildi. Mən demişdim ki, biz mülki əhali ilə heç vaxt müharibə aparmamışıq və bunu indi hər kəs görür. Mən demişdim ki, Ermənistan rəhbərliyi bizə tarix versin, bizim torpaqlarımızdan nə vaxt çıxır və biz müharibəni dayandırmağa hazırıq, bunu da etdik"-deyərək, Ali Baş Komandan bir daha qətiyyətli, əzmli şəkildə bildirdi ki, bu gün buraya bu torpaqların sahibləri kimi qayıtmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Müzəffər Ordumuzun Ali Baş Komandanı kimi, ölkə Prezidenti Hadrut qəsəbəsində milli bayrağımızı qaldırdı və bu bayraq burada əbədi dalğalanacaq.
Azərbaycanın şanlı bayrağı yurdumun hər bir güşəsində əzəmətlə dalğalanır və dalğalanacaq .
Qarabağın, Qələbən, hər gün yazılan, Tarixə çevrilən Zəfərlərin mübarək, can Azərbaycanım!
Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbinin
ibtidai sinif müəllimi Şahbazova Aidə Baxşəli qızı