Bu ilin yanvar ayından etibarən minlərlə aztəminatlı ailələrə təyin olunan Sosial yardımın verilməsi “Ünvanlı Dövlət Sosial Yardım haqqında” Qanunun 10.2- ci maddəsinə əsasən dayandırılmaqla, həmin ailələr bir il müddətinə sosial yardım üçün müraciət etmək hüququndan məhrum olublar.
“Ünvanlı Dövlət Sosial Yardım haqqında” Qanunu aztəminatlı ailələrin Sosial Müdafiəsinin təmin olunması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 2005- ci il 11 oktyabr tarixində imzalanmışdır. Bu qanuna əsasən, Azərbaycan Respublikasında yaşayan hər bir aztəminatlı ailə ünvanlılıq, ədalətlilik və bərabərlik prinsipləri əsasında bu yardımı ala bilər. Lakin Sosial Yardımın təyin olunması ilə bağlı qaydalar zamanında düzgün tətbiq olunmadıqda və bu qaydalarda yaranan boşluqlara görə, bir çox aztəminatlı ailələr bu yardımı ala bilmirlər.
Əvvəlki illərdə rəsmi iş yeri olmayan aztəminatlı ailələr məşğulluqların təmin olunması üçün vergi orqanında sadələşdirilmiş vergi ödəyicisi kimi adına VÖEN açdırıb rüblük hesabat verəndən sonra məşğulluqları təmin olunurdu. Bundan sonra həmin ailələr sosial yardım üçün müraciət etdikdə məşğulluqları ilə bağlı heç bir problemlə üzləşmirdilər.
Mövcud vəziyyətdə minimum əmək haqqıya görə bir nəfər üçün sosial sığorta vergisi ayda 62 manat tutulduğu üçün, sözügedən məbləği ödəmək aztəminatlı ailələrin imkanı xaricində olduğuna görə, onlar məşğulluğunu təmin etdirə bilmirlər.
Digər tərəfdən vergi orqanında sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatda olan aztəminatlı ailələr sosial yardım üçün müraciət etdikdə, onlara imtina bildirişi gəlir. Bildirişdə imtinaya səbəb məşğulluqların təmin olunmaması göstərilir.
Aztəminatlı ailələrin məşğulluqları ilə bağlı əngəlliklərlə üzləşməsi onların işbazların toruna düşməsi üçün şərait yaradır.
Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə Yaşıllaşdırma və Abadlaşdırılma işlərinin sürətləndirilməsi üçün abadlaşdırılma və yaşıllaşdırma müəssisələrində xeyli sayda iş yerləri açıldı. Açılan iş yerləri əsasən işsiz olan kasıb təbəqəli ailələr üçün nəzərdə tutulsa da, lakin yaşıllaşdırma və abadlaşdırma müəssisələrində maddi məsul şəxslər vəzifə səlahiyyətlərindən sui - istifadə edərək, aztəminatlı ailələrlə sövdələşmə edib, onları verilən iş kartlarının bu məmurlarda qalmaq şərti ilə məşğulluqları təmin olunurdu.
Elə ki, bu müəssisələrə kütləvi axınlar başladı. Onda həmin müəssisələrin maddi məsul şəxsləri yeni bir iyrənc üsula əl atdılar.
Məşğulluqları təmin olunan ailələrlə əmək müqaviləsini pozub onların adlarına rəsmiləşdirilən iş yerlərini digər vətəndaşa 150-200 manat civarında satmağa başladılar. Amma məşğulluğu təmin olunandan sonra sosial yardım alan ailələlər bundan sonra onları hansı bəlaların gözlədiyindən xəbərsiz idilər.
Yaşıllaşdırma və Abadlıq müəssisələrinin qurma oyunları nəticəsində xeyli məbləğdə dövlət vəsaiti mənimsənildi. Sonradan bəzi məmurlar sözügedən məsələ ilə bağlı cəzalandırılsalar da, lakin bu oyunun təşkilatçıları kənarda qaldılar.
Bəs, görəsən, onlar niyə cinayət məsuliyyətinə cəlb olunmadılar? Bu sual hələ də cavabsız qalıb. Yaşıllaşdırma və Abadlıq müəssisələrində məşğulluqla bağlı qurma oyuna son qoyulduqdan sonra, bu ənənəvi üsul bir çox MMC- lər (Məhdud Məsuliyyətli Cəmiyyət) tərəfindən davam etməyə başladı.
Çox təccüblüdür ki, vətəndaşların məğulluqları ilə bağlı bütün bu qanun pozuntuları aidiyyatı qurumların gözü önündə baş versə də, həmin qurumların qanunamüvafiq tədbir görməmələri heç cür başa düşüləsi deyil.
“Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Qanunun 10.2- ci maddəsinə əsasən, Sosial yardım təyin edilən ailənin (tərkibi, əmlakı, və gəlirləri barədə) dəyişikliklər baş verdikdə, Sosial Yardım alan ailə 15 iş günü ərzində təyin olunan sosial yardımı dayandırılması üçün elektron qaydada müraciət etməlidir. Ailəyə verilən Sosial Yardım dayandırılandan sonra yenidən məsələyə baxılır. Əgər bu qaydalara əməl edilməzsə həmin ailəyə Sosial yardımın verilməsi dayandırılır və bir il müddətində Sosial Yardım almaq üçün müraciət etmək hüququndan məhrum edilir. Onu da xatırladaq ki, son günlərdə aztəminatlı ailələrə verilən imtinaların əsas səbəbi məşğulluqları ilə bağlıdır.
Buda danılmazdır ki, 2016- cı ildən etibarən Ünvanlı Dövlət Sosial Yardımın verilməsi elektronlaşdırılaraq, burada vətəndaş məmur sövdələşməsinə son qoyulması nəzərdə tutulsa da, lakin aztəminatlı ailələrin məşğulluqların təmin olunması ilə bağlı yaranan əngəlliklər həmin ailələrin sosial yardımın alınmasından məhrum edib.
Onu da xüsusilə qeyd edək ki, aztəminatlı ailələrə verilən sosial yardımın maddi məişət yoxlanılması hər il Novruz Bayramı ərəfəsinə təsadüf edilir. Bu ildə də, Novruz Bayramı ərəfəsində xeyli aztəminatlı ailələrin Sosial Yardımı kəsilibdir. Bu ailələr bayramı Ocaq üstə yanan boş qazan ətrafında qeyd etməli olacaqlar.
Mövcud vəziyyətdə aztəminatlı ailələrin məşğulluqları ilə bağlı əngəlliklər yaradıb onları maddi və mənəvi təzyiqlərə məruz qoyan hansı qurum və kimdir?
Ümid edirik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aztəminatlı ailələrin hazırki acınacaqlı vəziyyətini nəzərə alıb onlara kömək əlini uzadacaqdır.
Zahid Səmədov