İyunun 15-də Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğalından azad olunan Şuşa şəhərinə tarixi səfər edib və Qarabağın ürəyi olan Şuşada tarixi bəyannaməyə imza atılıb.
Azərtac informasiya agentliyinin məlumatına görə, Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imzalayıblar.
Müstəsna siyasi və tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsində qeyd olunur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri öz zirvəsinə yüksəlib və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub.
Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq.
Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir. Eyni zamanda, Qarabağda Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti regionda sülhün bərqərar olunmasının təsirli mexanizmi kimi diqqət çəkir.
Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Türkiyə və Azərbaycan qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək eyni mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə yanaşı, həmçinin BMT, ATƏT, Avropa Şurası, TDƏŞ, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək verirlər.
Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi də xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.
Şuşa Bəyannaməsində Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi vurğulanır. Buraya, həmçinin hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir.
Ticarət-iqtisadi münasibətlərə gəlincə, milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də yer alır.
Tarixi sənəd özündə Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, ümumi problemlərlə bağlı birgə addımların atılması, davamlı həmrəylik göstərilməsi, milli mənafelərin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndirilməsi və qarşılıqlı dəstəyin verilməsini də ehtiva edir.
Bəyannamədə vurğulanır ki, Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin saxtalaşdırılması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhü və sabitliyi təhdid etməsi nəzərə alınmaqla, 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərin qətiyyətlə dəstəklənməsi vacibdir.
Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlıq gücləndirilməli, türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə TDƏŞ və əlaqədar qurumlar çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verilməlidir.
Qeyd edək ki, Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən uca zirvəsinə yüksəlib. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması ölkələrimizi həmişə bir-birinə yaxın edib, xalqlarımız sevincli, kədərli günlərdə də bir-birinin yanında olub.
Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Bu, gücümüzə güc qatdı, Qarabağ Zəfərində mühüm rol oynadı. Xüsusən Rəcəb Tayyib Ərdoğanın Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında Prezident İlham Əliyevlə yan-yana dayanması ölkələrimizin birliyini, xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi.
Qafqaz regionunda sülhün bərqərar olması kommunikasiyaların açılmasına, qlobal iqtisadi layihələrin reallaşmasına zəmin yaradır. Lakin münaqişənin yenidən körüklənməsinə çalışan bir sıra qüvvələr israrla Rusiya ilə Türkiyə arasındakı münasibətləri gərginləşdirməyə çalışır, Qafqaza sülhün gəlişini şübhə altına almağa səy göstərirlər.
Odur ki, Qafqaz bu gün bir sıra beynəlxalq şərhçilərin, politoloqların və iqtisadçıların diqqət mərkəzindədir. Bu baxımdan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi iqtisadi araşdırma xüsusi maraq kəsb edir.
Təhlildə günün ən vacib hadisəsi kimi Azərbaycanın Qarabağ zəfərindən sonra Cənubi Qafqazın üç ölkəsi və Türkiyə, Rusiya, İrandan ibarət “6-lıq”, yaxud “3+3” əməkdaşlıq platformasının gündəmə gəlməsi önə çəkilir. İİTKM-nin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı araşdırmasında ona diqqət yetirir ki, “3+3” formatı ölkələrinin kəsişmə coğrafiyasının mərkəzində Cənubi Qafqaz, ətrafında isə kəmər kimi Rusiya, Türkiyə və İran dayanır: “Azərbaycan Cənubi Qafqazın siyasi, iqtisadi və hərbi cəhətdən lideri olmaqla bu formatın həm özəyində, həm də kənar həlqəsində həlledici mövqeyə malikdir. Azərbaycan Qarabağ konfliktini uğurla həll etməklə Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişaf üçün zəmin hazırlayıb və “3+3” formatına əsaslar yaradıb”.
Müəllif “3+3” formatı ölkələrinin ümumi iqtisadiyyatının 3 trilyon dollara yaxın olduğu və bu rəqəmin də ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın 5-ci ən böyük iqtisadiyyatını təşkil etdiyini bildirir. “Əgər alıcılıq qabiliyyəti pariteti ilə götürsək, “3+3” formatı ölkələrinin iqtisadiyyatı 8 trilyon dollara yaxınlaşır və miqyasına görə Çin, ABŞ və Hindistandan sonra 4-cü ən iri iqtisadiyyat sayılır. “3+3” formatı ölkələri 331 milyon nəfər əhalisi ilə dünyada 3-cü, ərazisinə görə isə ilk yerdədir. Bu miqyaslar onu göstərir ki, yeni format təkcə siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük potensial vəd edir. Xüsusən də qarşılıqlı sərmayə qoyuluşu, sənaye, aqrar və xidmət sektorunda əməkdaşlıq imkanları genişdir”. Vüsal Qasımlı bunu deməklə bölgədə qarışıqlıq salmağa çalışan, “6-lıq”a daxil olan dövlətlərin qarşıdurmalarda maraqlı olmasından dəm vuran şərhçilərin versiyalarının sabun köpüyündən ibarət olduqlarını üzə çıxarır.
İİTKM-nin araşdırmasında izah edilir ki, “3+3” formatı regional ticarətin və bu yolla iqtisadi artımın sürətlənməsinə təkan verə bilər. Regionun bu günədək mövcud olan fraqmentasiyası inkişaf üçün buxovdur. İqtisadiyyatın miqyas effekti sübut edir ki, hər bir milli iqtisadiyyat yalnız o halda uğurla inkişaf edə bilər ki, kifayət qədər böyük bazarlara çıxışı olsun. Ötən əsrin ikinci yarısından başlayaraq nisbətən uğurlu inkişaf yolu keçmiş ölkələrin təcrübəsi göstərir ki, regional ticarət nə qədər əhəmiyyətli məsələdir. Cənubi Qafqaz ölkələri Avropa İttifaqı ilə Avrasiya İttifaqı bazarlarına səmt götürüblər, amma regional identiklik zəifdir, baxmayaraq ki, regional ticarətin inkişafı iqtisadi artım üçün əsaslar yarada bilər. Məsələn, Azərbaycanın ticarət dövriyyəsinin cəmi 2, Gürcüstanın ticarət dövriyyəsinin 12 və Ermənistanın ticarət dövriyyəsinin 2 faizi Cənubi Qafqazda reallaşdırılır. Rusiya hər üç Cənubi Qafqaz ölkəsi üçün əsas ticarət tərəfdaşıdır. Gürcüstan və Azərbaycan üçün ikinci ən böyük ticarət tərəfdaşı Türkiyədir. İran isə Cənubi Qafqazda yalnız Ermənistanın ticarət dövriyyəsində ilk beşliyə daxildir. “3+3” formatı təkcə Cənubi Qafqazda regional ticarətə deyil, həm də Türkiyə, Rusiya və İranın da öz aralarında ticarət həcminə təsir göstərə bilər.
İİTKM-nin icraçı direktorunun fikrincə, “3+3” formatı “Zəngəzur dəhlizi” də daxil olmaqla nəqliyyat arxitekturasını dəyişmək gücündədir: “Xüsusən də Azərbaycanın su, hava, avtomobil və dəmiryolu nəqliyyat infrastrukturu “6-lıq” ölkələrinin inteqrasiyasında mərkəzi mövqeyə malik ola bilər. Çünki Azərbaycanın regionun cənub və şərq hissəsində mövqelənməsi nəqliyyat infrastrukturunun həm meridianlar, həm də en dairələri üzrə şaxələnməsini təmin edir. Məsələn, Rusiya İranla Azərbaycandan keçən Şimal-Cənub, İran isə Gürcüstanla Azərbaycandan keçən Cənub-Qərb marşrutu ilə bağlana bilir”.
V.Qasımlı bildirir ki, dünya neft ehtiyatlarının 14,7, təbii qaz ehtiyatlarının 42,1 faizi “3+3” formatı ölkələrindədir: “Əgər Rusiya, İran və Azərbaycan daha çox karbohidrogen ehtiyatlarına malikdirsə, Türkiyə, Gürcüstan və Ermənistanda su resursları üstünlük təşkil edir. “3+3” formatı həm də regionun enerji təhlükəsizliyi üçün yeni imkanlar aça bilər. Ermənistan da bu formatdan istifadə edərək region üçün ekoloji təhdid sayılan atom elektrik stansiyasından imtina edib yeni formatın gətirdiyi imkanlardan istifadə edə bilər”.
Beləliklə, İİTKM-nin apardığı araşdırmadan irəli gələn son qənaət belədir ki, “3+3” formatı qloballaşmaya nisbətən regionalizmin gücləndiyi bir vaxtda bütün iştirakçılar üçün xüsusi maraq kəsb edir və iqtisadi baxımdan bütün iştirakçılara əlavə şanslara sahib olmağa geniş imkanlar yaradır: “Qarabağ probleminin həllindən sonra regionda yaranmış yeni reallıq “6-lıq” platforması üçün də zəmin sayıla bilər”.
Hörmət Məmmədli – Masallı rayon Binə Xocavar kənd sakini