44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərlə işğal altındakı torpaqlarımız azad olundu, çoxəsrlik tariximizin ən yeni mərhələsinin şərəfli səhifələri qızıl hərflərlə yazıldı. Bu il tarixi Zəfərimizin ildönümü ərəfəsində ilk dəfə olaraq dövlət müstəqilliyimizin bərpasının 30 illiyini də təntənə ilə keçiririk. İlk dəfədir ki, bu tarixi günü xalqımız alnı açıq, üzüağ qeyd edir. Tarixi Qələbəmiz, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, dünyada hazırkı layiqli yeri, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən baxılmasını zamanın ehtiyacı və tarixi zərurət kimi dəyərləndirir.
Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. İlk dəfədir ki, Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edərək özünün Müstəqillik Gününü qeyd edir. 44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycan xalqı bir yumruq kimi birləşərək, əsgər və zabitlərimiz Müzəffər Ali Baş Komandanın əmirlərini dəqiq yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini bərpa etdi. “Müstəqillik Günü haqqında” qanun layihəsinə təklif edilən dəyişikliyə görə, bundan sonra mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin bərpası Günü kimi ölkədə qeyd ediləcək. “Müstəqillik Günü haqqında” qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul olunub.Bu qanun layihəsinin məhz bu gündə, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsini bayaram edəcəyimizin yaxınlaşdığı bir ərəfədə müzakirəsi və qəbul edilməsinin çox böyük siyasi, tarixi və milli-mənəvi əhəmiyyəti var. Bu, bütün dünyaya növbəti bir mesajdır. Bu qanunun hazırlanması Azərbaycan xalqının iradəsidir ki, heç kim heç vaxt bir daha Azərbaycan xalqının iradəsinin əleyhinə olaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına ala bilməz. Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var.
2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tamam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.
Yəni, yeni qanun layihəsində doğru yanaşma ortaya qoyulub: Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurub, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib. Beləliklə, “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası Qanununun layihəsində 1918-ci ildə “İstiqlal Bəyannaməsi”nin qəbul olunduğu 28 mayın Azərbaycan Respublikasında Müstəqillik Günü, 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabrın isə Müstəqilliyin Bərpası Günü hesab olunması məntiqə söykənir. Odur ki, tarixi hadisələrin düzgün tətbiqi zamanıdır. Təqvimdə 28 may tarixi Müstəqillik Günü, 18 oktyabr tarixi isə Müstəqilliyin Bərpası Günü kimi yenilənməsi, təqdirəlayiqdir. Bu, birmənalı olaraq Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar edilməsi faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
Eyni zamanda Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək. İndiyə qədər Azərbaycanda 28 May Respublika Günü kimi qeyd edilirdi və qeyri iş günü idi. 18 Oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu və bu gün rəsmi iş günü hesab olunurdu. Dəyişiklikdən sonra 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü adlandırılacaq.
Qanun layihəsində qeyd edildiyi kimi, 28 May tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması tarixinə əsaslanır. Bu isə özlüyündə bir daha respublikamızın ərazi bütövlüyünü bərpa etmiş çağdaş Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Bildiyimiz kimi, bu varisliyin sübutudur ki, 1918-ci ildə qurulmuş Xalq Cumhuriyyəti dövründə qəbul edilmiş bütün dövlət atributları 18 oktyabr 1991-ci il tarixində müstəqilliyimizin bərpası ilə müqəddəs əmanət kimi çağdaş müstəqil dövlətimizin dövlət atributları olaraq qəbul olundu. Əminliklə qeyd etmək istərdim ki, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin yaratmış olduğu imkanlar və uzunmüddətli perspektivlər xalqımızın, xüsusilə əcdadları və tarixi kökü bilavasitə Qərbi Azərbaycanla bağlı olan həmvətənlərimizin tarixi torpaqlarımıza- İrəvana, Zəngəzura və Göyçəyə dinc yolla qayıdışı proseslərini daha da sürətləndirəcək.
Maral Həsənova
Bakı şəhər Nizami rayonu qeydiyyat şöbəsinin rəisi