Bu il aprelin 11-də Azərbaycanda növbədəbnkənar prezident seçkiləri keçirildi. Dövlət başçısı İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Dövlət başçısının qayğısı altında olan Azərbaycan gəncliyi məhz öz liderinə inandı, güvəndi və daim onun yanında oldu. Çünki əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Bu sferada görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Artıq respublikamızda fəaliyyət göstərən gənclər təşkilatları, ictimai birliklər ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasına öz töhfələrini verirlər.
Azərbaycanda bütün sahələr üzrə qazanılan nailiyyətlər dövlətimizin iqtisadi-siyasi potensialını, ümumi inkişaf səviyyəsini əks etdirən əsas meyarlardandır. Ölkəmizdə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Prezident İlham Əliyev gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi bu təbəqəyə daim böyük diqqət və qayğı göstərir. Ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha dolğun istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edir.
Bu gün gənclər Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən və məqsədyönlü siyasət nəticəsində Azərbaycanın öz inkişafı ilə dünya arenasında böyük nüfuz sahibinə çevrilməsi, bir sıra nüfuzlu beynəlxalq qurumlarda təmsil olunması, yüksək kürsülərdən söz deməsi ilə qürur duyurlar. Dövlət başçısının hakimiyyəti illərində ölkəmizdə həyata keçirilən iqtisadi-sosial layihələr, regionların uğurlu inkişaf proqramı, xalqımızın sosial rifah halının bir neçə dəfə yaxşılaşdırılması, xarici ölkələrlə çoxşaxəli iqtisadi-siyasi, elmi-mədəni əlaqələrin dinamik inkişafı hər birimizdə böyük ruh yüksəkliyi yaratmışdır. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə müxtəlif sferalarda, istər mədəniyyət, istər idman, istərsə də elm və təhsil sahələrində gənclərə, gənc nəslə yaratdığı şərait və verdiyi dəstək bütün Azərbaycan gəncliyinə böyük stimul olmuş və məhz bu səbəbdəndir ki, vətənimiz bir sıra qalibiyyətlərin nəticəsi olaraq beynəlxalq müsabiqə, festival və konfranslara ev sahibliyi etmişdir.
Ümumiyyətlə, görülən işlər nəticəsində Azərbaycan gəncliyinin mütləq əksəriyyətinin mövqeyinin nədən ibarət olduğu bəllidir. Bu mövqe ondan ibarətdir ki, gəncliyimiz Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyir. Azərbaycan gəncliyi Prezident İlham Əliyevin yürütdüyü daxili-xarici siyasətə inanır və ölkəmizin işıqlı gələcəyini məhz onun çiyinlərində görür.
Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi, beynəlxalq sferada nüfuzunun artırılması, respublikanın ərazi bütövlüyünün bərpa olunması naminə irəli sürdüyü siyasəti və gördüyü məqsədyönlü işləri dəstəkləyir, onu yenidən prezident seçilməyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Elnarə Həsənova
Abşeron rayon, Xırdalan şəhər 10 saylı tam orta məktəbin direktoru[i][/i]