Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün kimi tarixin şanlı səhifəsinə çevrildi. Bu tarix Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan qarşısıalınmaz azadlıq istəyinin dünyaya bəyan edilməsinin başlanğıcı oldu. 20 Yanvar qırğını həm də sovet rejiminin ermənilərlə birgə apardıqları antiazərbaycan siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Qabaqcadan düşünülüb-hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşıyıb. Lakin sovet imperiyası insanlıq adına sığmayan əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədi. Şəhidlərin son mənzilə yola salınması Azərbaycan tarixində o vaxtadək yaşanmamış ümummilli dəfn mərasimi idi. Bu izdiham, hüzn birliyi sonrakı illərin anım günlərində də davam edərək, xalqımızın milli həmrəyliyinin formalaşmasında və möhkəmlənməsində başlanğıc rolu oynadı.
1990-cı il 20 yanvar qanlı şənbə günü yaddaşımıza həmişəlik həkk olunub. Həmin gecə sanki dünyanın sonu idi. Aləm bir-birinə qarışmışdı. Hər tərəfdən zirehli tankların, topların, alovlu avtomat silahların gürultulu, vəhşi və qorxunc atəş səsləri eşidilirdi... Səhəri dünyanın tərəqqipərvər insanları Bakıya qoşun yeridilməsindən, tankların insanları vəhşicəsinə əzməsindən, dinc əhalinin-gənclərin, uşaqların, qocaların, qadınların alovlu silahlardan atılan güllələrlə qanlarına qəltan edilməsindən və hətta təcili yardım həkimləri öz müqəddəs borclarını yerinə yetirərkən onlara hərbçilərin maneçilik törətmələrindən təcili yardım maşınlarının güllə-borana tutulmalarından danışır, etiraz səslərini ucaldırdılar. Bakının küçələrində isə tanklar küçələri şumlayır, güllələr eyvanların pəncərələrini sındırıb tökürdü. O ağrılı, acılı faciəli gecədə və sonrakı günlərdə xalqımızın hələ də sayı dəqiqləşməyən neçə-neçə günahsız igid, qəhrəman övladı şəhid oldu! Neçə-neçə ər oğlanlarımızı, Həcər qeyrətli bacılarımızı itirdik. Nə qədər körpə atasız, gəlinlər bəysiz qaldı. Həmin vaxtdan 32 il keçməsinə baxmayaraq, sanki hadisələr dünən baş verib. Yaralarımız göyüm-göyüm göynədir bizi... Axı, günlər, həftələr, aylar keçdikcə nəinki dərdimiz kiçildi, əksinə böyüdü. Gündən-günə şəhidlərimizin sayı artdı.Qanlı 20 yanvar faciəsindən 32 il keçir... Analarımızın isə göz yaşları isə qurumur.
Xalqımız 20 Yanvarı təkcə hüzn günü kimi deyil, eyni zamanda, milli qürur və iftixar günü kimi anır. Azadlıq mücahidlərimizin faciəsindən xalqımızı 32 illik zaman fasiləsi ayırır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən, müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Nəticədə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Və bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilmədi, xalqımız qanı bahasına olsa da, öz dövlət müstəqilliyinə qovuşa bildi.
Biz azərbaycanlılara qarşı törədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 131 nəfər şəhid olub, 744 nəfər yaralanıb və xəsarət alıb, 4 nəfər itkin düşüb, 400-dən çox şəxs isə qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub. Hadisənin səhəri günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırıb.
Vətən uğurunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, biz gəncləri üçün bir örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır.
Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, - deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. 2006-cı il yanvarın 19-da ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun “20 Yanvar” stansiyasının üzərindəki dairədə xatirə kompleksinin yaradılması oldu. 2010-cu il yanvarın 20-də Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində memorial abidə kompleksinin açılışı şəhidlərimizə verilən dəyərin bariz nümunəsidir. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anırlar.
Bizlərin üzərinə düşən əsas öhdəlik şəhidlərimizi, qəhrəmanlarımızı daima ehtiramla yad etmək, xalqımıza qarşı törədilən faciələri, soyqırımları unutmamaq və hər zaman Vətən uğrunda canından keçməyə hazır olan bir millətin övladları olduğumuzu dərk etməkdir. Biz 20 Yanvarı həm də cəsurluq, igidlik, qəhrəmanlıq və milli birlik rəmzinə çevirməli, onu gələcək nəsillərə bu şəkildə təqdim etməyi özümüzə borc bilməliyik.
Allah sizə rəhmət eləsin Qanlı 20 Yanvar faciəsinin, Qarabağ savaşının şəhidləri, ümumiyyətlə, Vətənimizin bütövlüyü və suverenliyi uğurunda canlarından keçən ölməz ər igidlərimiz!... Ruhunuz şad olsun, Şəhidlərimiz!...
Müqəddəs Torpağımızın azadlığı, respublikamızın suverenliyi, bütövlüyü, şərəfi, namusu yolunda canını qurban vermiş qəhrəman ər igidlərimizə əbədi eşq olsun!.
Cəmilə Mustafayeva
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Qaradağ rayon qeydiyyat şöbəsinin baş məsləhətçisi