Asif Məmmədov özünü cavan hiss edir: "Əsl vaxtıdı, Qurban müəllim çağırsa da sağolsun, çağırmasa da"
"Qəbələ"nin futbolçusu Asif Məmmədovun İdmanxeber.com saytına müsahibəsi.
- Premyer Liqada ilk iki dövrə artıq gerdiə qaldı. "Qəbələ"nin çıxışını necə dəyərləndirirsən?
- Son oyunlarımız daha uğurlu alınır. Çempionatın əvvəlində istədiyimiz kimi çıxış edə bilmirdik. Bu da komandaya yeni qoşulan futbolçuların uyğunlaşma problemi yaşaması ilə əlaqəli idi. Turnir cədvəlindəki mövqeyimiz də normaldı. Hər zamanki kimi məqsədimiz çempionluqdu. "Qarabağ"ın 1 oyunu ehtiyatda qalır, bununla belə 3 xal da fərqimiz var. Nə deyim, pis getmirik.
- Son turlarda ən yaxşı formada olan oyunçulardan birisən. Bunu nə ilə əlaqələndirərdin?
- Bir dəfə öz formamı bərpa etdikdən sonra, çalışıram, oyunumu qoruyub saxlaya bilim. Çempionatın əvvəlində qeyri-stabil çıxış edirdim. Ancaq indi öz oyunumda eniş etmək istəmirəm. Ötən mövsüm də yaxşı davam edirdim, ancaq əməliyyat olunmağım və 2 ay yaşıl meydanlardan kənar qalmağım çıxışıma təsir etdi. "Qəbələ" də elə komandadı ki, hər mövqedə oynaya biləcək 2-3 futbolçu var. Hamısı da, bacarıqlı, istedadlı futbolçulardı. Gərək, özünü yaxşı tərəfdən göstərəsən, məşqçinin etimadını doğruldasan ki, heyətdə özünə yer tpaa biləsən.
- Mövsümün əvvəlində komandaya cəlb olunan yeni futbolçulardan kimin çıxışını xüsusi qeyd edərdin?
- Bir-bir ad çəksəm, kimisə qeyd etməsəm, həmin insan inciyə bilər. Belə şeyləri açıqlamaq düzgün olmazdı. Birinin adını çəkib, digərinin adını çəkməyəndə yaxşı çıxmır.
- Ad çəkməsən də, belə başa düşdüm ki, öz oyunu ilə "Qəbələ" kollektivini qane etməyən komanda yoldaşların var...
- Belə deyək də, "Qəbələ"yə elə futbolçular gəldi ki, biz mövsümün əvvəlində onlardan çox xeyir görəcəyimizi düşünürdük. Ancaq tam olaraq istədiyimizi ala bilmədik. Məsələ burasındadı ki, həmin futbolçular zəif deyil. Oynadıqları çempionata baxırsan, bizim Premyer Liqadan güclüdü. Ola bilsin ki, adaptasiya problemləri var. Hələ də uyğunlaşa bilmirlər. Şəhərimiz gözəl, stadionlarımız, normal. Ancaq istənilən halda, azarkeş amili təsirsiz ötüşməyə bilməz.
- Belə futbolçulardan biri də Endi Hallıdeydi...
- Adam Şotlandiya çempionatında oynayıb. Ümumiyyətlə "Qəbələ"də zəif futbolçu yoxdu. Hallideyə zəif desək, günah olar. Deyv Bultuisin özü, Almaniya Bundesliqasında çıxış edib. Bəlkə "Qəbələ"də istədiyi oyunu sərgiləyə bilmir. Zədə filan da aldı. Ancaq adama sual verərlər, zəif futbolçunun Bundesliqada nə işi var?
- Milli komandamızın baş məşqçi postuna gələn əcnəbi məşqçilərdən Nə Berti Foqts, nə də Robert Prosineçki səni yığmaya dəvət etmədi. Halbuki, millidə çıxış edən futbolçulardan zəif deyildin. İndi isə yığmamızın başına yerli mütəxəssis keçib. Nə düşünürsən, Qurban Qurbanov səni milliyə dəvət edər?
- Hələ Berti Foqtsun dönəmində deyirdim ki, millidə oynama hazıram. Həmçinin də, Prosineçkinin vaxtında. Dəvət etmədilər, canları sağolsun. Əsas odu, mən öz klubumda futbolumu oynaıyram, müəyyən qədər öz komandama xeyir verirəmsə, xoşbəxtəm. Ancaq hər bir futbolçunun arzusudu ki, milli komandasının uğurlarında pay sahibi olsun. İndi də Qurban Qurbanov gəlib. Ona yeni işində uğurlar arzulayıram. İnşallah, əcnəbi məşqçilərin qazana bilmədiyi uğuru, o bizə qazandırar. Lakin digər məşqçilərin düşüncələrinə necə yanaşmışamsa, Qurban müəllimin də düşüncəsinə elə yanaşaram (gülür) Çağırsa da, sağolsun, çağırmasa da. Hər məşqçinin futbola öz baxışı var. Bəlkə, elə mütəxəssis var, oyunumu bəyənir, bir başqası ümumiyyətlə bəyənmir. Heçnə deyə bilmərəm.
- Özünü milli komanda üçün yaşlı hesab etmirsən?
- Məncə yox. Çünki 30 yaşım tamamdı, hələ 31 olmayıb. Mənə elə gəlir, 30 yaş əsl vaxtıdı. Çünki bu yaşda əsl futbolu dərk edirsən. Hər şeyi anlayırsan. Lap gənc yaşlarında buraxdığın səhvləri təkrarlamırsan. Daha doğrusu, təkrarlamamağa çalışırsan. Fikirləşirsən ki, birdən səhv edərəm, kənardan yaxşı görünməz. Ona görə öz üzərində iki qat məsuliyyətlə işləyirsən. Özümü 30 yaşda hiss etmirəm. İnanın ki, bu yaşda 28 yaşında olan oyunçudan da çox qaçırsan. Şükür Allaha, gücümüz var. Oynayırıq.
- Sabiq klubun "Keşlə"də (əvvəlki adı ilə "İnter") vəziyyət gərgindi. Komanda hər matçda uduzur, üstəlik, bəzi futbolçuların adları oyun alqı-satıqısında hallanır. Buna görə də, Nizami Hacıyevlə, Mirhüseyn Seyidov ömürlük futboldan uzaqlaşdırıldı...
- Vallah, siz nə bilirsinizsə, biz də onu bilirik. Mən də internet vasitəsi ilə oxuyuram. Sözün bitdiyi yerdi. Adam bilmir nə desin.
- Belə hadisələri görüb, vaxtında "İnter"dən ayrıldığın üçün sevinirsənmi?
- Yox, qətiyyən. Mən orda olsaydım, belə hadisələrin baş verməməsi üçün əlimdən gələni edərdim. Məni tanıyan, tanıyır. Heç vaxt belə pis işlərə "hə" demərəm. Əgər görsəydim ki, komanda yoldaşlarımdan kimsə bu işi görür, çəkindirərdim, ən azı, bir böyük kimi yol göstərərdim. Bu çox pis hadisədi. Azərbaycan futboluna ləkədi. Əgər Nizami və Mirhüseyn həqiqətən günahkardısa, düzgün iş görməyiblər. Ancaq biz heçnə bilmirik. Bəlkə, həqiqətən günahsızdılar, günahlarını almayaq.
http://idmanxeber.com