“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycan bankının kreditləşməsinin baza qiymətləndirilməsi və uzunmüddətli depozit reytinqini endirib.
Ulusəs Oxu.Az-a istinadən xəbər verir ki, “Moody’s” “Bank of Baku”nun yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini “Caa1” səviyyəsindən “Caa3” səviyyəsinədək salıb.
“Bank of Baku”nun kreditləşməsinin baza qiymətləndirilməsi “caa1” səviyyəsindən “caa3” səviyyəsinədək endirilib. Bankın reytinqi üzrə proqnoz neqativ olaraq qalıb.
“Moody’s” qeyd edir ki, cari ilin yanvar-noyabr ayları ərzində “Bank of Baku”nun xalis zərəri 35,2 mln. manata çatıb ki, bu da məcmu kapitalın kəskin azalaraq dekabrın 1-nə 24,8 mln. manata çatmasına səbəb olub. Başqa sözlə, bankın məcmu kapitalı minimal normativ tələbdən (50 mln. manat) azdır.
Bankın I dərəcəli kapitalı və kapitalın adekvatlıq əmsalı 3,8% (minimal tələb 5%) və 7,3%-dək (10%) azalıb.
“Moody’s” xatırladır ki, cari ilin iyun ayında bankın səhmdarları 91 mln. manat səviyyəsində əlavə kapitallaşma ilə bağlı qərar qəbul ediblər, lakin kapitallaşma hələ də baş tutmayıb.
Agentlik hesab edir ki, hələ bir neçə rüb “Bank of Baku” zərərlə işləməyə davam edəcək.
Səhmdarlar əlavə kapital qoyuluşunu həyata keçirərsə, “Moody’s” bankın reytinqlərini yüksəldə, reytinq üzrə proqnozu isə stabilləşdirə bilər.