Əvvəllər “Sınıq Körpü” gömrük-keçid məntəqəsindən gün ərzində altı min insan keçirdisə, bu yay bu rəqəm 17 minə qalxıb.
Bunu “Gömrük orqanlarında aparılan islahatlar və nəticələr” mövzusunda keçirilən mətbuat konfransında Komitənin sədri Səfər Mehdiyev deyib.
O qeyd edib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi hər ay gömrük-keçid məntəqələrində 1,5 mln. sərnişinə xidmət edir. Bu isə rekord göstəricidir.
Srturuktur islahatlarından danışan S.Mehtiyev bildirib ki, ciddi kadr islahatları aparılıb. 230-a yaxın gənc gömrük orqanlarının sıralarına qatılıb:
“Gömrük Komitəsinin indiyə qədər fəaliyyət göstərdiyi struktur ötən əsrin 90-cı illərindən qalmışdı. Komitənin şöbələr və idarələri arasında bir-birinin funksiyalarını təkrar edənlər var idi. Bunu nəzərə alaraq onların bəziləri birləşdirilib”.
Məlum olub ki, struktur dəyişiklikləri gömrük orqanlarında ixtisarlara gətirib çıxarmayıb.
S.Mehtiyev qeyd edib ki, gömrük ilə bağlı qanunvericilik bazasında çatışmazlıqların aradan qaldırılmasına ehtiyac var:
“İslahatların davamı olaraq tərəfimizdən Vergilər, Gömrük, Cinayət, İnzibati Xətalar, məcəllələrinə və digər qanunvericilik aktlarına dəyişikliklər layihəsi hazırlanıb”.