Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev respublikamızda səhiyyənin inkişafına daim xüsusi diqqət yetirmiş, tibb işçilərinə böyük qayğı göstərmişdir.
Ulu Öndərimiz qeyd etmişdir ki, "Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir. Heç bir peşədə Hippokrat andı kimi and yoxdur. Hippokrat andı içən hər bir həkim o anda sona qədər sadiq qalmalıdır.
Bu diqqət və qayğı bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz insan sağlamlığını cəmiyyətimizin sərvəti hesab etməklə yanaşı Azərbaycanda səhiyyə sistemində aparılan köklü islahatlara da böyük qiymət vermişdir. İ.Əliyev öz nitqində belə demişdir: "Azərbaycanda səhiyyə sistemində aparılan köklü islahatlar öz bəhrəsini verir". Son illərdə dövlət rəhbərinin təşəbbüsü və bilavasitə dəstəyi ilə səhiyyənin prioritet sahələri üzrə 9 dövlət proqramı hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmişdir. Artıq bu proqramlar uğurla həyata keçirilir. Möhtərəm prezidentimiz insan sağlamlığını cəmiyyətimizin sərvəti hesab edir. Doğrudan da yalnız sağlam olanlar xalqın xeyirinə qurub yaratmaq üçün özünün yaradıcı imkanlarından tam istifadə edə bilərlər.
Ümumdünya Səhiyyə Təşkilatı sağlamlığı insan həyatının elə bir amili hesab edir ki, onda heç bir xəstəlik və fiziki qüsur olmasın. İnsanlar əlverişli mənəvi və ictimai şəraitdə yaşamalıdırlar. Belə bir şəraitin təminatçısı isə ilk növbədə həkimlərimiz, tibb işçilərimizdir. Ona görə də həkimlik çətin, məsuliyyətli, eyni zamanda şərəfli peşədir. Bu peşə sahiblərinin ən ali məramı insan sağlamlığının müdafiəsində durmaq, ölkə səhiyyəsinin, tibb elminin və tibbi təhsil sisteminin tərəqqisinə nail olmaqdır.
Bu gün Mirməmməd Cavadzadə, Zərifə Əliyeva, Zəhra Quliyeva, İbrahim Topçubaşov, Namiq Əliyev, Adilə Namazova, Əhliman Əmiraslanov, Çingiz Cərullazadə, İsa İsayevin və başqalarının adları səhiyyəmizin inkişaf tarixində ən şərəfli yerlərdən birini tutur, onların elmi məktəbləri tibb elminə yeni-yeni uğurlar gətirir. Bu gün tibbin müxtəlif elmi istiqamətləri, o cümlədən cərrahiyyə, oftalmologiya, kardiologiya, onkologiya, stomatologiya, pediatriya və s. üzrə beynəlxalq səviyyəli tədqiqat işləri aparılmış, uğurlu nəticələr yüksək dəyərləndirilmişdir.
Ölkəmizdə səhiyyənin qanunvericilik bazası da xeyli təkmilləşdirilmiş, tibb müəssisələrinin yeni texnologiyalarla təmin edilməsi ön plana çəkilmişdir.
Dövlətimizin başçısı ilə yanaşı Heydər Əliyev fondunun, xüsusilə fondun prezidenti YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə səhiyyəmizin yaxşılaşdırılması istiqamətində çoxsaylı xeyriyyəçilik tədbirləri həyata keçirilmişdir.
Kollektivimizdə əmək intizamından tutmuş maddi-texniki bazanın möhkəmləndirilməsi, həkimlərə və xəstələrə normal şəraitin yaradılması, ərzaq və iynə-dərmanla təminat işinin yaxşılaşdırılması və nəticə olaraq əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəldilməsi istiqamətində xeyli işlər görülmüşdür.
Bütövlükdə ən vacib və ən təxirəsalınmaz vəzifəmiz əhaliyə tibbi xidmətin hər vasitə ilə yaxşılaşmasıdır və rayonumuzun tibb işçiləri məhz bu amalla yaşayırlar və buna yaxın vaxtlarda əsasən nail olacağımıza əminik.
Ağahəsən Rüstəmov
"Ultra-Med" tibb mərkəzinin baş direktoru