Ölkə başçısı cənab İlham Əliyevin gərgin əməyi nəticəsində dövlətimizin iqtisadi potensialı artıqca, ölkə vətəndaşlarının sosial rifahının yüksəlməsi istiqamətində görülən işlər də mütəmadi olaraq artır. Şəhid ailələrinə birdəfəlik 11 min manat yardımın edilməsi, sosial müavinətlərin artırılması, problemli kreditlərin həlli və digər sosial yönümlü məsələrlə bağlı verdiyi fərmanlar imzaladığı qanunlar ona dəlalət edir ki, cənab Prezdentimiz daima xalqla təmasdadır. Ulu öndərimizin layiqli davamçısı onun siyasi kursunun bariz nümunəsi olaraq, həmişə xalqın xidmətindədir. Lakin bəzi hallarda hörmətli Prezidentimizin imzaladığı qununlar aidiyyatı üzrə düzgün tətbiq olunmadığına görə, vətəndaşlar həmin qanunlardan istifadə edə bilmirlər.
Ölkə Prezidentinin 21 dekabr 2005- ci il tarixində imzaladığı aztəminatlı ailələrin yoxsulluqla üzləşməsinin qarşısını alan və onların sosial müdafiəsinin gücləndirilməsinin məqsədilə imzaladığı “Ünvanlı Dövlət Sosial Yardım Haqqında” Qanunda göstərilir ki,Azərbaycanda yaşayan və Azərbaycan Respublikasının vətəndaşı olan hər bir aztəminatlı ailə bu yardımı ala bilər. Lakin buna baxmayaraq, mövcud vəziyyətdə bir çox aztəminatlı ailə Sosial Yardım almaq üçün müraciət edə bilmir. Əsasən, paybəlli torpaq sahəsi olan aztəminatlı ailələr Sosial Yardım üçün müraciət etmək hüququndan məhrumdular.
Paybəlli torpaq sahəsi olan aztəminatlı ailələrin üzləşdiyi əsas problemlərdən biri hüquqi rəsmiləşdirən şəxs kimi adlarına olan Çıxarışda məşğulluğun DSMF tərəfindən təmin olunmamasıdır. Lənkəran rayonu, Haftarion kəndində yaşayan Ağayeva Pəri Cəbrayıl qızı 4 məktəbli uşaq anasıdır. O, paybəlli torpaqına hüquqi rəsmilləşdirən şəxs kimi adına aldığı çıxarışda DSMF- də məşğulluğunu təmin elətdirə bilmir. Bu səbəbdən də Sosial yardım almaq hüququndan istifadə edə bilmir. Qanunvericilikdə ünvanlılıq, ədalətlilik və bərabərlik prinsipləri əsasında Sosial yardımın təyin olunması nəzərdə tutulsa da, lakin vətəndaşların dediklərindən belə məlum olur ki, bu yardım çox vaxtı həqiqi ünvanına gedib çatmır. Süni əngəlliklər nəticəsində Sosial yardım aztəminatlı ailələrin maddi durumuna görə deyil, bu yardımı almaq istəyən vətəndaşların ciblərinə uyğun təmin edilmişdir.
Elektron müraciət qaydaları tətbiq olunmamışdan öncə, aztəminatlı ailələrin məmurlarla sövdələşməsi nəticəsində onlara Sosial yardım təyin olunsa da, lakin həmin ailələr Paybəlli torpaqlarında məşğulluqları təmin etmək üçün heç bir problem yaşamadılar.Torpaq mülkiyyətinə dair dövlət aktını DSMF aparıb və orada məşğulluqları təmin olunurdu.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016- cı il 15 yanvar tarixli 37 saylı qərarı ilə Sosial yardım almaq üçün elektron müraciət qaydaları tətbiq olundu. Bu qərarda göstərilən qaydalarda vətəndaş məmur ünsiyyəti aradan qaldırlaraq bürokratik əngəlliklərə son qoyulması nəzərdə tutulsa da, lakin həmin qaydalar maddi durumu acınacaqlı olan aztəminatlı ailələrin Sosial yardım almaq hüququnu daha da məhdudlaşdırdı. Həmin ailələri maddi və mənəvi təzyiqlərə məruz qoydu. Çünki bir aztəminatlı ailə Sosial yardım almaq üçün pay torpağı ilə bağlı Dövlət Reyestr Xidmətinə 200 manata yaxın pul ödəməlidir. Lakin bütün maddi çətinliklərə baxmayaraq, həmin aztəminatlı ailələr borc -xərc edib deyilən məbləği düzəldərək Dövlət Reyestr Xidmətindən çıxarış alıb adına SUN nömrə aldıqdan sonra Sosial yardım üçün müraciət edib və ona yardım təyin olunurdu. Həmin ailəyə paybəlli torpaqla bağlı imtina bildirişi gəlmirdi. Amma bu qaydalar vətəndaşın torpaq üzərində olan mülkiyyətini məhdudlaşdırırdı.
Bundan başqa, vətəndaşın mülkiyyətinə verilən paybəlli torpaq sahəsi torpaq islahatı dövründə üç il ərzində onun ailəsinin mülkiyyətinə verilmişdir. Vətəndaş Sosial yardım almaq üçün yalnız ona məxsus olan pay torpağın bir hissəsinə çıxarış ala bilmişdir. Mövcud qanunvericiliyə əsasən, vətəndaş torpaq mülkiyyəti üzərində tam hüquqi şəxs olmaq üçün yenə 200 manat pul xərcləməlidir. Bu problemlə Lerik, Lənkəran, Astara və digər rayonların sakinləri də üzləşiblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aztəminatlı ailələrə Ünvanlı Dövlət Sosial Yardımın verilməsi qaydaları 2019- cu ilin yanvarından etibarən sadələşdirilməsi bildirilsə də, lakin bununla bağlı indiyə qədər qanuna müvafiq heç bir tədbir görülməmişdir. Məlumat üçün onu da bildirək ki, 2019- cu ilin yanvarından etibarən Sosial yardım almaq istəyən aztəminatlı ailələr də Pəri Ağayevanın üzləşdiyi eyni problemlə üzləşiblər. Paybəlli torpaq sahəsi olan aztəminatlı ailələr 2019- cu ilin yanvarından tətbiq olunmuş yeni qaydalara əsasən, məşğulluqları təmin olunması üçün vergi orqanlarına müraciət etsələr də, həmin vətəndaşlara tam dolğun cavab verilməyib.
Dövlət Sosial Müdafiə Fondundan isə bildiriblər ki, aztəminatlı ailələrin paybəlli torpaqlarında məşğulluqların təmin edilməsi vergilər orqanları tərəfindən proqramlaşması prosesi sona çatdıqdan sonra öz həllini tapar. İndi həmin müddətdən üç aya yaxın vaxt keçir. Görünür, bu xəmir hələ çox su aparar. Bu gün Sosial yardım almaq arzusunda olan vətəndaşlar düşünürlər ki , görəsən, bundan sonra onları daha hansı sosial bəlalar gözləyir!
Zahid Səmədov