Parisdə işgüzar səfərdə olan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Fransanın Qida üzrə Baş Direktorluğunun (DGAL) Avropa və beynəlxalq sanitar məsələlər üzrə departamentinin rəhbəri Şarl Martənin və Qida, Ətraf Mühit, Əmək Sağlamlığı və Təhlükəsizliyi üzrə Milli Agentliyin (ANSES) Tədqiqatlar üzrə baş direktoru doktor Jil Salvanın rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüşüb.
Görüşlərdə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli rəhbərlik etdiyi qurumun strukturu, missiyası və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Əhalinin sağlam qida məhsulları ilə təmin olunması üçün agentlik tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.
Qida məhsullarının idxal və ixracı prosedurları, qida zəncirinin bütün mərhələlərində məhsulların izlənilməsinə dair təcrübə mübadiləsinin aparılması məsələsi müzakirə olunub. Baytarlıq, fitosanitariya sahələrində heyvanların identifikasiyası və qeydiyyat sistemi üzrə mütəxəssislərin mübadiləsinə toxunulub. Qida təhlükəsizliyinə nəzarət üzrə regional idarəetmə sistemi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qida, Ətraf Mühit, Əmək Sağlamlığı və Təhlükəsizliyi üzrə Milli Agentlikdə (ANSES) tədqiqat laboratoriyalarının strukturu, risklərin qiymətləndirilməsi məsələlərinə toxunularaq, bu istiqamətdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Tərəflər əməkdaşlığın inkişafı, birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsində maraqlı olduqlarını bildiriblər.
AZƏRTAC