Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə “Nəqliyyat könüllüləri” devizi altında ictimai nəqliyyat vasitələrində keçirilən aksiya davam edir.
ulusestv.az AZƏRTAC-a istinadla xəbər verir ki, aksiya “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında əksini tapmış bir sıra məsələlərin həlli, sürücülər və sərnişinlər arasında düzgün ictimai davranış qaydalarının təbliği, ictimai nəqliyyatda sürücü və sərnişin məsuliyyətini artırılması, qayda-qanunlara riayət edilməsi işinə töhfə vermək məqsədi daşıyır. Bu baxımdan daha rahat və təhlükəsiz sərnişin daşımaya şərait yaradılması və digər mövcud problemlərin aradan qaldırılması məqsədilə könüllülər qrupu yaradılıb. Maarifləndirmə işində müxtəlif sahələrdə fəaliyyət göstərən ictimai fəal gənclər iştirak edirlər.
Gənc könüllülər qrup şəklində Baş İdarə və “Nəqliyyat” MMC-nin əməkdaşlarının müşayiəti ilə nəqliyyat vasitələrində sürücülərin və sərnişinlərin ictimai davranış qaydalarına riayət etmələrinə dair təbliğat işi aparırlar.